Yığmamız bir neçə dəqiqədən sonra AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da Belçika ilə qarşılaşacaq.
Bu oyun üçün iştirak ərizəsinin təsdiqləndiyini və 3 futbolçunun komandadan uzaqlaşdırıldığını xəbər vermişdik. Bunlar müdafiəçilər Bəxtiyar Həsənalızadə, Amin Seydiyev və yarımmüdafiəçi Ozan Can Kökçü idi.
Onların hansı səbəbdən kənarda qalması maraqlıdı. Bəxtiyar Həsənalızadə "Football-plus.az" saytına bunları dedi:
"Dəvəti sevinc hissiylə qəbul edib məşqlərə qoşulmuşdum. Canla-başla iştirak etdim. Meydana çıxıb millimizin uğurları üçün mübarizə aparmaq istəyirdim. Təəssüf ki, alınmadı. Səbəbi haqda mənə məlumat verilməyib. Ümid edirəm ki, qarşıdakı matçlarda arzuma çataram. Üzərimdə daha çox çalışacam. Baş məşqçimizin qərarına hörmətlə yanaşıram".
Göründüyü kimi, Bəxtiyar bəy Canni de Byazinin qərarına şərh vermək istəmədi. Lakin italiyalının məhz Höccət Haqverdinin mövqeyində oynaya biləcək futbolçuları komandadan kənarlaşdırması maraqlıdı. Çalışdırıcı son günlərdə ən çox müzakirə olunan futbolçunu əvəz edə biləcək şəxsləri komandadan uzaqlaşdırmaqla bizə nə demək istəyir?
KƏNAN BAHADIR