Təbii, bu o anlama gəlməməlidi ki, ittifaq zamanı hər şey ideal, yaxşı idi. Söz yox, qüsurlar, nöqsanlar, özbaşınalıqlar da var idi. Amma... Böyük sovet ölkəsinin bir parçası olan Azərbaycanın idmanında, o cümlədən futbol sahəsində də millilik göz oxşayırdı. Respublika birinciliyində və SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında milli adlar daşıyan komandalar çıxış edirdi. Ötən əsrdə məmləkətimizdə "Gənclik", "Toxucu", "Araz", "Suraxanılı" (hamısı Bakı), "Avtomobilçi" (Mingəçevir), "Damcılı", "Göyəzən" (hər ikisi Qazax), "Kəpəz" (Gəncə), "Məhsul" (Ağdam), "İpəkçi" (Şəki), "Pambıqçı" (Bərdə), "İnşaatçı" (Sabirabad), "Qarabağ" (Xankəndi), "Xəzər" (həm Sumqayıtın, həm də Lənkəranın) və başqa komandalar olub. Bu söhbəti hansı nöqtəyə gətirmək istədiyimi indi anladacam. Qəzetimizin 9-cu səhifəsində 2-ci liqanın təqvimi dərc olunub. Mümkünsə, komandalardan bəzilərinin adlarına fikir verin: “Baku Sportinq”, “Sheki City”, “Şəfa Baku”... Çox maraqlıdı, niyə biz bu dərəcədə ingilis dilinə meyillənmişik? Bəlkə rus dilinin yerini yavaş-yavaş ingiliscə tutur? Görəsən, bayağı və yersiz şəkildə "ingilisləşməyin”, "avropalaşmağın” səbəbi nədi? Axı, biz “Şəfa”nı elə “Şəfa” kimi tanımışıq, paytaxtı təmsil etdiyini bilmişik. İndi sonuna bir “Baku” artıranda komanda güclənir, yoxsa avrokuboklarda oynamaq haqqı qazanır? Və ya “Baku Sportinq” nə deməkdi? Şəkini tərənnüm etmək üçün ən müxtəlif adlardan yararlanmaq olar. Hətta klub rəhbərliyi heç bir ad tapa bilməsə də, sadəcə, şəhərin adını özünə götürə bilərdi. Amma “Sheki City” qoyublarsa, yəqin sponsorları da İngiltərədən gəlib. Ümumiyyətlə, ölkə futbolunun toponimik mənzərəsi ilə bağlı sualların sayı çoxdu. Hər futbol komandası təmsil etdiyi şəhərin, rayonun güzgüsüdü. İmkan daxilində məhz həmin rayona aid hansısa coğrafi obyektin, məşğuliyyət sahəsinin adını qoymaq olar. Daha ucdantutma “City”, “Baku” yapışdırmaq yaxşı yol deyil. Buna fantaziyanın qısırlığı da demək olar, əllaməçilik də!
PFL-in sözçüsü Sənan Abdullayevi də bu məsələnin müzakirəsinə qoşduq:
"Rəsmi sənədlərdə adlar bizə necə gəlirsə, o cür də qeydiyyata alırıq. Adların dəyişdirilməsiylə bağlı göstəriş vermək və ya başqa belə səlahiyyətlərimiz yoxdu. Müdaxilə etmək hüququmuz da yoxdu. Ona görə də bu, birbaşa klub rəhbərlərinin və təsisçilərin işidi. Biz, sadəcə, onlar hansı adla komandanı təqdim edirlərsə, eləcə də qəbul etməyə məcburuq. "Şafa Baku"ya gəlincə, həmin klubun rəsmi adı "Şəfa"dı. Bizə təqdim olunan sənədlərdə də o cürdü. Yerdə qalır "Baku Sportinq" və "Sheki City"... Onların da adı təqdim olunan sənədlərdə qeyd etdiyim kimidi. Komandaların adlandırması elə məsələdi ki, müdaxilə edə bilmirik. Ən yaxşı halda tövsiyə edə bilərik. Bunu da zatən edirik. Gələcəkdə də bunu edəcəyik. İnanıram ki, məsləhətlərimizi nəzərə alarlar".
ABDULLA İSMAYILOĞLU
