Misli premyer-liqasının 4-cu turunun "Qarabağ" - "Kəpəz" oyunundan sonra insident baş verdi.
Ağdamlıların azyaşlı azarkeşinin futbolçularla şəkil çəkdirmək üçün meydana qaçdığını görən polis əməkdaşı ona badalaq atdı. Bu hadisə "köhlən atlar"ın futbolçularını özündən çıxardı. Bunu görən Luka Quqeşaşvili polisin üzərinə getdi. Toral Bayramov isə azarkeşə dəstək üçün futbolçularla birlikdə "İmarət Tayfa"nın önünə apardı. Marko Yankoviç də uşağa formasını bağışladı. Bu olayla bağlı "İmarət Tayfa" fanklubunun aparıcı üzvlərindən Elnur Quliyevin fikirlərini öyrəndik:
"İmarət Tayfa" olaraq, bu hadisəni qətiyyətlə pisləyirik. Bu yolverilməz haldı. Azyaşlı azarkeş meydana çıxırsa, polis ən pis halda şiddətə, fiziki zorakılığa yol vermədən, yüksək təmkin, mədəniyyət göstərərək ona məhdudiyyət qoya bilər. Biz özümüz də bu vaxta qədər polisdən yetərincə təzyiq görmüşük. Dəfələrlə DİN-ə şikayət etmişik, məsələni ictimailəşdirmişik. Ümumiyyətlə, stadionun daxilində bu qədər polis olması düz deyil. Polis əməkdaşları arenanın girişində və ətrafında asayişi qorumalıdı. Elə bir çox hallarda polis heyətinin çoxluğu azarkeşlərin hüquqlarının pozulmasına gətirib çıxarır".
"Qarabağ"ın fəal qadın fanatlarından Sevinc Məmmədova da olaya münasibət bildirdi:
"Mənim tribuna təcrübəm elə də çox deyil. Cəmi 10 ildi stadionlardan futbol izləyirəm. 10 ilin heç birində polis - azarkeş münasibətlərinin normal olduğunu görməmişəm. İstər “Qarabağ”ın, istər yığmanın, istərsə də başqa klublarımızın oyunlarında polisin sərt, kobud, etik olmayan davranışını dəfələrlə görmüşəm. Çox olub ki, yazdığım banneri əlimdən alıblar, girişdə problem yaradıblar. Qəbələdəki səfər oyununa gedirik, o qədər yol qət edirik, polis deyir: "mənə dəxli yoxdu tək gəlmisən, ya maşınla gəlmisən, çantanı stadiona keçirə bilməzsən". Açıb içində pulqabından, açardan başqa heç nə olmadığını göstərsək də, çantamızı içəri buraxmağa qoymadılar. "Qarabağ" "Dalğa Arena"da "Partizani"ni qəbul edirdi. Matçın ortalarında polislə azarkeşlər arasında insident yaşandı. Polis bibər qazından və dəyənəkdən istifadə elədi. Fanatlarımızdan birinin halı o qədər pisləşdi ki, az qaldı gözümüzün qabağında ölsün. Nə çölə çıxarmağa, nə də həkim çağırmağa imkan verirdilər. Ümumiyyətlə, polislər tribunanı, azarkeşləri, hansısa bir şey üçün bir yerə toplaşan insanları sevmirlər. "Qəbələ"nin avrokubok matçında Nəriman adlı dostumuzu polis ölümcül döymüşdü.Nəticədə adam huşunu itirdi. Ötən bazar da daha betəri "Azərsun Arena"da yaşandı. Polis meydançaya tullanan 10 yaşlı uşağı necə vurub yerə sərdi. Allah saxladı ki, uşaq kəllə-beyin zədəsi almadı. Belə şey olar?! Futbolçular, həkimlər araya girməsəydi, uşağı sürüyüb aparırdı. Adam nə qədər vicdansız, insani hisslərdən məhrum olmalıdı ki, körpəyə qarşı belə davransın... Ən çox məyus olduğum şeylərdən biri də budu ki, klublarımız azarkeş - polis qarşıdurmalarında həmişə polisin yanında olur. Halbuki azarkeş olmasa, o klublar heç kimə lazım deyil. Futbol dünyanın hər yerində azarkeş üçün oynanılır. Yalnız bizdə belə deyil. Əks halda klub rəsmiləri açıqlama verib polisin tərəfini tutmazdı. Ümumiyyətlə, stadionda təhlükəsizlik polisə tapşırılmamalıdı. Bunun üçün mühafizə şirkətləri ilə anlaşmaq, əsgərlərin xidmətindən yararlanmaq, başqa hansısa metod düşünmək olar. Ancaq polis heç bir halda stadionda olmamalıdı. Üstəlik bizim polisin necə dözümsüz, şiddətə meyilli, aqressiv olduğu hər kəsə məlumdu. Sabah hansı valideyn güvənib uşağını futbola göndərər? Bir dəfə fanat həmkarım Aygüllə "Dalğa Arena"ya - "Zirə"nin avrokubok matçına getmişdik, polis gəlib bizi zorla oturtmaq istəyirdi. Ayaqüstə matç izləmək olmazmış. Onlar nə futbolu, nə azarkeşi, nə də tribunanı sevmir. Üstəlik tribuna qaydalarından da məlumatsızdılar. Çox şey demək olar. Amma qısaca ifadə etsək, bu, sadəcə, biabırçılıqdı".
ABDULLA İSMAYILOĞLU