Bu gün Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la “Olimpiya” üz-üzə gələcək.
"Football-plus.az" xəbəer verir ki, UEFA cavab oyununa hakim təyinatlarını reallaşdırıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç İspaniyadan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanı Alexandro Ernandes idarə edəcək. Ona yan xətt hakimləri Xose Naranxo və Dieqo Sançes Roxo kömək göstərəcək. Dördüncü hakim isə Alexandro Munis Ruis olacaq.
Bilindiyi kimi, “Qarabağ” rəqibini mübarizədən kənarlaşdırsa, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Bu baxımdan oyunda ədalətin lazımi səviyyədə qorunması çox vacibdi. Əhəmiyyətli matçın baş hakimini yaxından tanımaq üçün qəzetimizin ənənəvi təqdimatına keçid alaq.
Alexandro Ernandes... 40 yaşlı referi hakim karyerasına 10 il əvvəl başlayıb. Ədalət təmsilçisi İspaniya çempionatlarında debüt edib. La Liqa və aşağı dəstələrdə ümumilikdə 302 matça təyin edilən “fit sahibi” 1863 sarı, 127 qırmızı vərəqə göstərib. O, 2014-cü ildən meydanlara FİFA referisi kimi çıxır. Maraqlıdı ki, “qarapaltarlı”nın təxminən 9 illik peşəkar fəaliyyəti söz-söhbətlə doludu. Ernandes mütəxəssislər də daxil olmaqla çoxunu iki cəbhəyə ayırmağı bacarıb. Hakim daha çox həlledici durumlarda verdiyi qərarlarla gündəmə gəlib. Bunlardan ən səs-küylüsü isə “Elçe” – “Barselona” (1:2) matçında qeydə alınıb. Belə ki, ev sahiblərinin yarımmüdafiəçisi Xavyer Pastore Ernandesi “fahişənin oğlu” adlandırdığı üçün qırmızı vərəqə görüb. Başqa hadisə isə "Betis" - "Barselona" qarşılaşmasında yaşanıb. Hakim Kataloniya təmsilçisinin hücumçusu Neymarın vurduğu təmiz qolu saymayıb. Həmin epizodda "Betis"in müdafiəçisi topu qapı xəttini keçdikdən sonra çıxarsa da, qol qeydə alınmayıb. Maraqlıdı ki, buna rəğmən, İspaniya Futbol Federasiyasının Hakimlər Komitəsi 2016/17 mövsümünün ən yaxşı hakimi ünvanına Ernandesi layiq görüb.
Alexandro Azərbaycan futbol ictimaiyyətinə yad sima deyil. O, indiyə qədər bir neçə dəfə millimizin və klublarımızın matçına təyinat alıb. Ötən il martın 25-də əsas yığmanın Malta ilə yoldaşlıq oyununu (0:1) məhz adı çəkilən hakim idarə edib. O, yığmamızın DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı mübarizəsində isə 4-cü hakim kimi çıxış edib - 0:1. Çempionlar Liqasında pley-off mərhələsinin “Kopenhagen” (Danimarka) - “Qarabağ” matçında da 4-cü hakim məhz Ernandes olub. Həmin matçda meydan sahibləri 2:1 hesabıyla qələbə qazansa da, ağdamlılar səfər qolu sayəsində rəqibini mübarizədən kənarlaşdıraraq tarixində ilk və hələ ki sonuncu dəfə turnirin qrupuna düşüb. Ədalət təmsilçisinin Bakıya ilk səfəri isə 2015-ci ildə reallaşıb. O, Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” – PAOK matçında (0:0) köməkçi hakim vəzifəsini yerinə yetirib.
İndi isə ədalət təmsilçisinin ümumi karyerasıyla tanış olaq. Ernandes indiyə qədər Çempionlar Liqasını 8, Avropa Liqasının 1, Konfrans Liqasının 2, Gənclər Liqasının 2, Millətlər Liqasının 4 matçını, eləcə də aşağı yaş qrupu yığmalarının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi onlarla oyunu idarə edib. Onun baş hakim kimi çıxış etdiyi qarşılaşma sayı 389-du. Ədalət təmsilçisi bu görüşlərdə 2271 sarı, 143 qırmızı vərəqə üçün əlini cibinə salıb. Belə nəticəyə gəlmək mümkündü ki, Alexandro zəngin təcrübəyə malikdi. Lakin ispaniyalının hesab baxımından bizimkilər üçün düşərli olduğunu iddia edə bilmərik. Görəsən, bu gün ədalət təmsilçisinin uğursuz seriyasına son qoyulacaqmı?
KƏNAN BAHADIR