“Trabzonspor”lu Maksi Qomesin Türkiyə karyerası başa çatıb.
“Football-plus.az” xəbər verir ki, uruqvaylı forvard yenidən İspaniyaya qayıtmaq qərarına gəlib. 27 yaşlı futbolçu “Kadis”ə keçib. İspaniya təmsilçisi Qomesi birilliyə icarəyə götürüb. Amma “Trabzonspor”a icarə haqqı ödənilməyəcək. Sadəcə, Qomesin illik maaşı və bonusları “Kadis” tərəfindən qarşılanacaq. La Liqada çıxış edən bu klub eyni zamanda Qomesi daimi əsasda transfer etmək hüququnu da ələ keçirib. “Kadis” gələn yay bu hüquqdan yararlanmaq istəsə, qaradənizlilərə 3,7 milyon avro ödəyəcək. Xatırladaq ki, “Trabzonspor” ötən yay bu futbolçunu böyük ümidlərlə 3 milyon avro qarşılığında “Valensiya”dan transfer etmişdi. Amma Uruqvay yığmasının üzvü həm uyğunlaşma ilə bağlı problem yaşaması, həm də komandanın yaxşı durumda olmaması üzündən özünü göstərə bilmədi. Qomes “Trabzonspor”un heyətində 35 rəsmi oyunda 7 qol, 6 məhsuldar ötürməlik performans sərgilədi.