Bu transfer dönəminin fəal klublarından olan “Trabzonspor” həm heyətini yeni oyunçu ilə gücləndirib, həm də bir futbolçu ilə vidalaşıb.
“Football-plus.az” xəbər verir ki, qaradənizlilər “Udineze”dən mərkəz müdafiəçisi Filip Benkoviçi birilliyə icarəyə götürüb. Komanda 26 yaşlı xorvatiyalı futbolçunu gələn yay daimi əsasda transfer edə bilmək hüququnu da ələ keçirib. İcarə haqqı kimi italiyalılara 500 min avro ödəniləcək. Benkoviçin illik qazancı isə 1,1 milyon avroya bərabər olacaq. “Trabzonspor” onu daimi əsasda heyətinə qatsa, “Udineze”yə daha 2,5 milyon avro ödəməli olacaq. Zaqreb “Dinamo”sunun yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan 194 sm boya malik futbolçu daha öncə “Lester”, “Seltik”, “Bristol Siti”, “Kardiff Siti”, “Heverli”də top qovub. Xorvatiya yığmasında 1 oyun keçirən Benkoviç ötən mövsümü icarə əsasında 2-ci bundesliqa təmsilçisi Braunşveyq “Ayntraxt”ında keçirmişdi. O, artıq Sloveniyada toplanışda olan komandanın düşərgəsinə qoşulub.
“Trabzonspor”u tərk edən futbolçu isə Mark Bartradı. Təcrübəli ispaniyalı mərkəz müdafiəçisi ötən yay “Betis”dən 1,25 milyon avroya transfer edilmişdi. 32 yaşlı futbolçu üçün Türkiyə macərası o qədər də uğurlu keçmədi. Amma bu, onun günahı deyil. Trabzon təmsilçisi komanda kimi ötən mövsümü boşa verdi. Bartra 40 rəsmi oyunda 4 qol, 1 məhsuldar ötürməlik fayda verdi. Əslinə onun “bordo-mavililər”lə 2025-ə qədər müqaviləsi var idi. Amma tərəflər qarşılıqlı şəkildə anlaşaraq müqaviləni ləğv edib. Bunun əvəzində “Trabzonspor” futbolçuya 1 milyon avro təzminat ödəyəcək. Bu məbləğ Bartraya 8 hissəyə bölünərək ödəniləcək. “Barselona”nın yetirməsi olan və daha öncə Dortmund “Borussiya”sı ilə “Betis”in şərəfini qoruyan Bartra sosial şəbəkədə “Trabzonspor” üçün vida mesajı paylaşıb.
Onu da bildirək ki, “Hayduk”a qarşı yoxlama matçında (0:2) zədələnərək erkən əvəzlənən yeni transfer Xoakin Fernandes Sloveniya toplanışını tərk edərək müalicə olunmaq üçün vətəni İspaniyaya yollanıb. Onun məşqlərə nə vaxt başlayacağı bilinmir.