Qadın voleybolçulardan ibarət yığmanın Avropa çempionatına Çexiya üzərində inamlı qələbə ilə başladığını xəbər vermişdik.
Təəssüf ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komanda şənbə və bazar günləri keçirdiyi oyunlarda uğurun davamını gətirə bilmədi. Xüsusən də meydan sahibi Almaniya ilə oyunda qələbəyə can atmaq mümkün idi. Amma komandamız yalnız bir setdə gücünü göstərdi – 1:3 (13:25, 22:25, 25:12, 14:25).
Yığma srağagün turnirin favoritlərindən sayılan Türkiyə ilə oyunda da varlığını ortaya qoya bilmədi – 0:3 (13:25, 13:25, 13:25).
"Football-plus.az" xəbər verir ki, bu gün Bakı vaxtı ilə 19.00-da Yunanıstanla qarşılaşacağıq. Qrupdan çıxmaq istəyiriksə, qələbə qazanmaqdan başqa yol yoxdu.
C qrupunda keçirilən başqa oyunların nəticələri: Türkiyə - İsveç 3:0 (25:22, 25:18, 25:13), Almaniya – Yunanıstan 3:0 (25:19, 25:21, 29:27), İsveç – Yunanıstan 1:3 (23:25, 25:19, 25:27, 22:25), Yunanıstan – Çexiya 0:3 (21:25, 22:25, 17:25), Çexiya – Türkiyə 1:3 (23:25, 20:25, 25:20, 17:25), Almaniya – İsveç 1:3 (25:13, 16:25, 18:25, 18:25).
Yığmanın çıxışı ilə bağlı tanınmış mütəxəssis, hazırda Gəncənin “Buta” komandasına rəhbərlik edən Vüqar Əliyevin fikirlərini öyrəndik:
“Çexiya üzərində qələbə möhtəşəm oldu. Bu oyunda qalib gələcəyimizə ümid edirdik və belə də oldu. Ancaq hamı bilirdi ki, Almaniya və Türkiyə qrupun favoritləridi. Bu rəqiblərə uduzmağımız sensasiya deyil. Voleybol mütəxəssisləri də millidən bu iki oyunda qələbə gözləmirdilər. Düzünü demək lazımdı, hazırda böyük kollektivlərə qarşı mübarizə aparacaq gücümüz yoxdu. Məqsəd qrupdan çıxmaqdı. Baş məşqçi Ataman Güneyligil də federasiyanın ona bəslədiyi etimadı doğrultmaq istəyir. Əsas odu ki, ruhdan düşməyək. Yunanıstan və İsveçlə oyunlarda qızlara inanıram. İki görüşün ən azı birində qalib gəlməliyik. İstərdim ki, hər iki matçı udaq, lakin bir oyunda qələbə də bizə vacibdi. Komandamız yaxşı oyun göstərir. Hiss olunur ki, 2 ay yaxşı toplanış keçiblər. Sadəcə, inanmaq lazımdı. Mən bu kollektivə güvənirəm”.
Vüqar bəy yaş amilinin komandaya nə dərəcədə təsir etdiyinə də toxundu:
“Düzdü, yaş amili də idmanda sözünü deyir. Lakin komandamız üç gün dalbadal oyun keçirdi. Bu da fiziki və psixoloji cəhətdən kollektivin yorulması deməkdi. Hazırda qızlarımızın psixoloji durumunu yaxşı saxlamalıyıq. Almaniya kimi güclü kollektivlə ağır görüşümüz oldu. Birdən-birə ritmə düşmək çətindi. Millinin texniki zonasında iki statistik var. Onlar ən çox hansı zonada səhvlərin olduğunu təhlil etməlidilər. Yadımdadı, biz Faiq Qarayevlə birlikdə dünya kubokunda iştirak üçünTaylanda gedəndə əlimizdə 7 oyunçu var idi. 5 gün dalbadal oyun keçirdik. Qızlar o qədər yorulmuşdu ki, ayaq üstə dura bilmirdirlər. Həqiqətən tez-tez oyun keçirmək zarafat deyil. Yəqin ki, qızlarımız üç ağır görüşdən sonra yaxşı dincəliblər. İnanıram ki, heyətdəki təcrübəli simalar da də bizə kömək eləməlidi”.
CAVİD ƏLİYEV