O, əvvəlcə fransalı Villi Delajodun idarə etdiyi HİK - “Qarabağ” oyunundakı hakim qərarlarına toxundu:
"HİK oyunu müdafiədən qurduğundan sürət yüksək deyildi. İkili mübarizələr olsa da, meydanın süni örtüklü olması, futbolçuların “sürüşmə” fəndindən az-az yararlanması hakimin işini asanlaşdırırdı. Komandaların bir-birinə hörmətlə yanaşmasına baxmayaraq, finlər 16-cı dəqiqədə meydanda azlıqda qaldı. Benissanın mövqe seçimindəki səhvi, rəqibə qarşı kobudluğu iki sarı, ardınca qırmızı vərəqə ilə nəticələndi. Referi bu dəqiqələrdə nadir hallarda rast gəlinən idarəçilik qətiyyəti ilə seçildi. Bir tərəfdə Fransa nümayəndəsi, digər tərəfdə Qarabağ adı. Referi siyasi savadını da nümayiş etdirərək, "futbolunuzu oynayın, mənim "Qarabağ"a qarşı çıxmaq niyyətim yoxdur" mesajını vermiş oldu. Hissənin sonunda penalti qərarıyla bir daha obyektivliyini nümayiş etdirdi. İlk yarıdakı belə idarəçiliyə baxmayaraq, ağdamlı futbolçular matçın gərginliyindən irəli gələn həyəcandan tez-tez referi ilə polemikaya girişir, mübahisələrə yol verir, hakimə etiraz edirdi. Nə yaxşı ki, ədalət təmsilçisi səbr nümayiş etdirərək şifahi xəbərdarlıqlarla futbolçuları sakitləşdirir, daha sərt cəzaya əl atmırdı. Avrokuboklarda komandalarımız çox hakim haqsızlığı ilə üzləşib, belə idarəçiliyə isə etiraz etmək yolverilməzdi. Hiss olunurdu ki, fasilədə məşqçilər korpusu futbolçuları intizamlı oynamağa çağırıb. İkinci yarıda artıq belə hallara, demək olar, rast gəlinmirdi. Tribunaların, yerli futbolçuların təzyiqinə, etirazlarına rəğmən, hakimlər briqadası sona kimi prinsipiallıq göstərərək "Qarabağ"ın növbəti dəfə qruplara vəsiqəni təmin etməsini protokollaşdırdı".
Tahir bəy "Partizan" - "Sabah" oyununda iş başında olan polşalı ədalət təmsilçilərinin də işinə qiymət verdi. Xatırladaq ki, komandaları meydana Bartoş Frankovski çıxarmışdı:
"Qarşılaşmanın hakim idarəçiliyi adına psixoloji cəhətdən ağır olacağı bilinirdi. "Partizan" nüfuzunu qorumaq üçün azarkeşlərinin dəstəyi ilə təzyiq edəcəkdi. Təcrübəli polşalı referinin matça təyinatı təsadüfi deyildi. Hakimlər briqadası yerli publikadan çəkinməyərək görüşü "Sabah" adına prinsipial olaraq yaxşı idarə etdilər. Ümumiyyətlə, komandalarımızın bu mövsüm avrokubok oyunlarında hakimlikdən şikayətlənməsi insafsızlıq olar. Klublarımızın iştirakı ilə matçlarda referilər önəmli qərarlarla yadda qaldılar. Meydanda inamlı görünən refeti ikili mübarizələrin çoxluq təşkil etdiyi qarşılaşmada epizodlara həssas yanaşır, futbolçuları verdiyi qərarların doğruluğuna inandırırdı. Baş hakim rəqibi əllə tutub saxladığına görə "Sabah"ın kapitanına ikinci sarı göstərməyərək güzəşt etdisə, uzatma dəqiqələrində "Partizan"dan Beliçin kobud oyununu bağışlamadı, ikinci sarı vərəqəylə meydandan kənarlaşdırdı. Matçın kuliminasiya nöqtəsi penalti seriyasında son zərbənin yenidən təkrarlanması oldu. Təəssüf ki, Namik bu şansı da qaçırdı. Azərbaycan klublarının oyunlarına artıq əsasən aparıcı futbol ölkələrindən referilər təyin edilir. Çox müsbət məqamdı və Avropada ölkə klub futbolunun nüfuzunun qalxması UEFA tərəfindən diqqətsiz qalmır. Bəzi səhvləri çıxmaq şərti ilə FİFA referiləri də komandalarımızın oyunlarında əvvəlki illərdə olduğu kimi, kobud, nəticəyə təsir edən qərarlardan yan keçərək daha ehtiyatlı davranırlar. Komandalarımız artıq qitə hakimlərinin simpatiyasını qazanıb".
ABDULLA İSMAYILOĞLU



