"Football-plus.az" xəbər verir ki, ölkənin baş naziri Kiriakos Mitsotakis əksər fan-klubların bağlandığını bəyan edib.
Bundan sonra hər klubun yalnız bir fanat assosiasiyası fəaliyyət göstərəcək. Mitsotakis bu qərarı çərşənbə günü UEFA-nın prezidenti Aleksander Çeferinlə görüşdən sonra açıqlayıb. O, bundan bir gün əvvəl bir sıra nazirliklərin rəhbərləri, həmçinin ölkənin “Olimpiakos”, “Panatinaikos”, AEK və PAOK kimi aparıcı klublarının sahiblərinin iştirakıyla keçirilən görüşdə təşəbbüskar rolunda çıxış edib. Mitsotakis hökumətin qərarını bəyan edərkən belə deyib:
“Milli səviyyədə futbol azarkeşlərinin təşkilatlanmış klubları bağlanacaq. Bundan sonra hər komandanın yalnız bir fanat qrupu fəaliyyət göstərəcək”.
Bir daha xatırladaq ki, Afinada avqustun 8-də keçirilməli olan AEK – “Dinamo” (Xorvatiya) matçından əvvəl rəqib azarkeşlər arasında böyük qarşıdurma baş vermişdi. İnsidentlər nəticəsində 29 yaşlı bir yerli fanat bir neçə bıçaq yarası alaraq ölmüş, 10 azarkeş müxtəlif dərəcəli xəsarətlər almış və 105 nəfər saxlanılmışdı.



