"İnfrastrukturumuz və stadionumuz da var, niyə irəli çəkmirsiz?!"

18.08.2023 11:13 1 270
Aktual / Ölkə futbolu
AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirildi. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olundu:

1. 2023/24-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” 2-ci liqada çıxış etsin. Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.

2. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.

Qərarlardan sonra 2-ci liqadakı iştirakçı sayı 14-ə yüksəlib. Xatırladaq ki, daha əvvəl “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” kimi klubların sözügedən turnirdə iştirakı təsdiqlənmişdi.

Beləliklə, yarımpeşəkar 2-ci liqada daha iki klubun çıxışına icazə verildi. Bunlar Bakı "Dinamo"su ilə Qusar "Şahdağ"ıdı. Çoxları daha köklü komandalar olan "Göyəzən", "Neftçala", "Masallı" və ötən mövsüm Region Liqasının finalçısı olan "Çinar-Zəngilan"a da yer veriləcəyini gözləyirdi. Lakin belə olmadı. İcraiyyə Komitəsinin qərarına reaksiya öyrənmək üçün "Xəzər-Lənkəran 42"nin təsisçisi və direktoru Höccət Hacıyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:

"Bizə qarşı haqsızlıqlara artıq öyrəşmişik. Nə qədər ümidlə, nikbinliklə AFFA-ya və PFL-ə müraciət edərək peşəkar liqada oynamaq istədiyimizi biıdirsək də, kənarda qaldıq. Baxmayaraq ki, bölgəmiz futbol ənənələri və infrastrukturu ilə daim ölkə futbolunun incilərindən olub. Amma bunları nəzərə alan yoxdu. Deməyə çox sözümüz var. Amma dəyişiklik olmayandan sonra nə deyəsən. Başqa vaxt deyirlər ki, bölgədə futbolu inkişaf etdirmək lazımdı. Lənkəranda futbola maraq çoxdu, infrastrukturumuz və stadionumuz da var. Niyə irəli çəkmirsiz?! Ölkə futbolu və xalqımız qarşısında alnımız açıqdı. Daim Azərbaycan futbolun inkişafında maraqlı olmuşuq. Bu gün Lənkəran futbol məktəbinin yetirmələri premyer-liqa və 1-ci liqa təmsilçilərinin heyətində yer alır. Elə bunun özü fəaliyyətimizn necə keyfiyyətli və bərəkətli olduğunu göstərir. Biz bundan sonra da ruhdan düşmıyərək fəaliyyətimizi Region Liqasında davam etdirəcək və ölkə futboluna yeni simalar bəxş etməklə məşğul olacağıq. Nə vaxtsa böyük futbola qayıdacağımıza da inanırıq. Bizə nə qədər əngəllər qoyulsa da, "Xəzər Lənkəran" güclülər dəstəsində yerini alacaq". 

ABDULLA İSMAYILOĞLU