1. 2023/24-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” 2-ci liqada çıxış etsin. Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.
2. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.
Qərarlardan sonra 2-ci liqadakı iştirakçı sayı 14-ə yüksəlib. Xatırladaq ki, daha əvvəl “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” kimi klubların sözügedən turnirdə iştirakı təsdiqlənmişdi.
Beləliklə, yarımpeşəkar 2-ci liqada daha iki klubun çıxışına icazə verildi. Bunlar Bakı "Dinamo"su ilə Qusar "Şahdağ"ıdı. Çoxları daha köklü komandalar olan "Göyəzən", "Neftçala", "Masallı" və ötən mövsüm Region Liqasının finalçısı olan "Çinar-Zəngilan"a da yer veriləcəyini gözləyildi. Lakin belə olmadı.
İcraiyyə Komitəsinin qərarına reaksiya öyrənmək üçün "Qobustan"ın vitse-prezidenti Taleh Gülməmmədovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Hələ Region Liqasına AFFA-dan lazımi dəstək, maddi yardım ayrılmadığı vaxtdan biz adı çəkilən çempionatda öz gücümüzlə çıxış edirik. 5 ildi "Qobustan" sabit şəkildə oynayır. Dəfələrlə 1-ci liqada oynamaq üçün AFFA-ya müraciət etmişik. Ardından dəfələrlə AFFA-ya və PFL-lə müraciət etdik ki, heç olmasa, 2-ci liqada çıxışımıza icazə verilsin. Amma buna məhəl qoyulmadı. Bizlə bərabər neçə köklü klub kənarda qaldı. AFFA həyatı boyunca Region Liqasında çıxış etməyən klubları peşəkar liqalara gətirirsə, buna necə münasibət bəsləməliyik? Təbii ki, bu qərara etiraz edir, qətiyyətlə qınayırıq. Mən demirəm ki, yeni komandalar olmasın, amma illərlə Region Liqasında minbir əziyyət çəkən klubların da haqqını vermək lazımdı. Yenilərlə yanaşı, köklü klubların önündə də “yaşıl işıq yandırılmalıydı”. Amma hələ də diskriminasiya var. Bunu qətiyyətlə pisləyirik".
ABDULLA İSMAYILOĞLU




