1. 2023/24-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” 2-ci liqada çıxış etsin. Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo”ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.
2. FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaitinin AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinin görülməsinə ayrılsın.
Qərarlardan sonra 2-ci liqadakı iştirakçı sayı 14-ə yüksəlib. Xatırladaq ki, daha əvvəl “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” kimi klubların sözügedən turnirdə iştirakı təsdiqlənmişdi.
Beləliklə, yarımpeşəkar 2-ci liqada daha iki klubun çıxışına icazə verildi. Bunlar Bakı "Dinamo"su ilə Qusar "Şahdağ"ıdı. Çoxları daha köklü komandalar olan "Göyəzən", "Neftçala", "Masallı" və ötən mövsüm Region Liqasının finalçısı olan "Çinar-Zəngilan"a da yer veriləcəyini gözləyildi. Lakin belə olmadı. İcraiyyə Komitəsinin qərarına reaksiya öyrənmək üçün "Göyəzən"in təsisçisi və rəhbəri Mehdi Salmanova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Heç olmasa, 2-ci liqada çıxış etmək üçün hamıdan əvvəl və daha çox müraciət edən biz idik. Amma bu dəfə də bizə rəva görmədilər. Şəxsən mən istər yeni yaradılan, istərsə də köklü komandalar arasında fərq qoyulmasının tərəfdarı deyiləm. 1-ci və 2-ci liqalarda çıxış edəcək bütün klublara uğur arzulayıram. Komanda sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdı. Amma vaxtilə SSRİ çempionatlarında və Azərbaycanın güclülər dəstəsində çıxış edən "Göyəzən"nin üzünə qapının örtülməsi məni üzür. Qazax futbolunun kökü, ənənələri var. Bizim də ən azı 2-ci liqada çıxış etməyə haqqımız var. Bundan sonra da Region Liqasında çıxış edəcəyik. Amma həvəssiz".
ABDULLA İSMAYILOĞLU



