“İdman TV” premyer-liqanı 2-ci turdan göstərə biləcək

16.08.2023 13:30 318
İdman
Ötən həftə İngiltərə premyer-liqasının yeni mövsümünün oyunlarının yayın hüququnun "İdman TV"də olacağı təsdiqlənmişdi. Hətta telekanalın direktoru Rövşən Binnətli "Football-plus.az"a açıqlamasında turun açılış oyunu olan "Bernli" - "Mançester Siti" matçının da canlı göstəriləcəyini bildirmişdi. Lakin deyilən saatda ekran önünə keçən yüzminlərlə azərbaycanlı kor-peşman kanalı çevirdi. Bu məsələ sosial şəbəkələrdə də ciddi əks-səda doğurdu, açıq demək lazımdı ki, həmvətənlərimiz adı çəkilən telekanalı məsxərəyə qoydu.

Bəs nədən ilk turun oyunlarına baxa bilmədik, növbəti həftələrdə oyunları rahat izləyə biləcəyikmi?

Bu suala cavab tapmaq üçün yenidən Rövşən bəyə üz tutduq:

"Texniki səbəblərə görə ilk turun matçlarını yayınlaya bilmədik. Lakin 2-ci turdan oyunlarını azarkeşlərə təqdim edəcəyik. Hər tur 4-5 oyunun yayını nəzərdə tutulur. Yayım hüququnun əldə olunması istiqamətində işlər çempionatın startı ərəfəsində oldu. Ona görə yayına 2-ci turdan icazə verildi".


CAVİD ƏLİYEV