Ötən həftə Türkiyədə TFF 1-ci liqası start götürdü. Bu çempionatı yaxından izləməliyik.
“Football-plus.az” xəbər verir ki, çünki Azərbaycan millisinin iki üzvü orda çıxış edir - Bəxtiyar Həsənalızadə “Tuzlaspor”un, Coşqun Diniyev isə “Ümraniyəspor”un şərəfini qoruyur.
İlk turda hər iki futbolçumuzun komandası məğlubiyyətlə üzləşdi. Coşqun Diniyev “Gənclərbirliyi”nə səfərdə 1:2 uduzduqları oyunda 80 dəqiqə meydanda oldu. “Tuzlaspor” isə doğma meydanda “Çorum”a 0:3 uduzdu. Lakin Bəxtiyar Həsənalızadə oyunda forma şansı qazanmadı. Məqsəd 1-ci liqada keçirilən oyunların nəticələrini sizə təqdim etmək deyil. İndi uşaqdan böyüyə hər kəs sosial şəbəkələr və internet resusları vasitəsi ilə hesabları əldə edə bilir.
Diqqətinizə çatdıracağımız məqam “Tuzlaspor” - “Çorum” matçında yaşanıb. Qonaqların heyətində Tomaş Verheydt penaltidən dubl edib. Niderlandlı futbolçu mövsümün əvvəlində Türkiyə klubuna transfer olunub. Penaltidən olsa da, ilk oyunda dubl etməyi bacardı. Bir məhsuldar ötürmə ilə yadda qaldı. Ümumiyyətlə, 31 yaşlı forvard yüksək keyfiyyətli hücumçudu. Tomaş ötən mövsüm erediviziya 2-də mübarizə aparan “Den Haq”da top qovurdu. 192 sm boya malik futbolçu 2022-ci ilin qışında karyerasını Azərbaycanda davam etdirə bilərdi. Hücumçuya klublarımızdan birində oynamaq təklif olunsa da, yekunda niderlandlı ölkəmizə gəlmək istəməmişdi.
Bu informasiyanı niyə diqqətinizə çatdırırıq? Bəzən məşqçilər deyir ki, bizim premyer-liqaya gəlmək istəmirlər. Bu fikri qəribsəyirik. Həqiqətən də belə olur. Məsələn, “Araz-Naxçıvan”ın çalışdırıcısı Azər Bağırov çempionatın 1-ci turunda “Turan Tovuz”a məğlub olandan sonra belə bir açıqlama verdi: “Komandanı yığmaqda problem yaşadıq. Ən gec formalaşan kollektiv biz olduq. Əcnəbi futbolçu transferində problemlər yaşadıq. “Araz-Naxçıvan” yeni yaradılan klub olduğu üçün kimsə bura gəlmək istəmirdi”.
Mütəxəssisin fikirlərində həqiqət var. Görün, premyer-liqamızın səviyyəsi nə yerdədi ki, Verheydt çempionatda yüksək pillələr uğrunda çıxış edən komandaya gəlməkdən imtina edib. Amma TFF 1-ci liqaya bu mövsüm yüksələn kollektivə keçib.
Əminəm ki, ötəm mövsüm erediviziya 2-də 34 matçda 14 qol vurub, 6 məhsuldar ötürmə edən oyunçu avrokuboklarda bu “futbol ili”ndə avrokuboklar çıxış edən “Qarabağ”, “Sabah”, “Neftçi” və ya “Qəbələ”nin hücum xəttini olduqca gücləndirərdi.
Bəs, nə üçün forvard Azərbaycana gəlməyib, Türkiyənin səviyyəcə 2-ci liqasına üz tutub? Cavab çox sadədi: qardaş ölkənin 2-ci liqasının oyunlarında VAR-dan istifadə olunur. Matçlara daha çox azarkeş gəlir. Bu çempionatda olduqca güclü rəqabətdən əlavə normal stadionlar var.
31 yaşı olan, karyerasının sonlarını yaşayan futbolçu olsaz, bu şərtlər altında Türkiyənin 1-ci liqasında çıxış edərsiz, yoxsa Azərbaycan premyer-liqasında?
İLKİN SULTANLI