Son günlərin müzakirə hədəfi Coy-Lens Mikelsdi. Almaniyalı futbolçunun "Sabah"dan ayrılmaq istəyi təbiidi.
Murad Musayev də dünənki mətbuat konfrasında onun "Partizan"la oyunda iştirak etməyəcəyini və komandadan ayrılacağını vurğuladı. Ümumiyyətlə, futbolçunun müqaviləsində daha sərfəli təklif olacağı təqdirdə müəyyən məbləğ ödəməklə sərbəst qala biləcəyi haqda bənd varsa, bu məsələnin davamı necə olacaq?
"Football-plus.az" saytı bu sualla təcrübəli menecer Tural Əsgərova müraciət etdi:
"Belə məsələlər müqaviləylə tənzimlənir. Futbolçunun sözləşməsində bəlli şərtlər əsasında başqa kluba keçidinin mümkünlüyü qeyd olunubsa, nəsə etmək mümkünsüzdü. Müqavilə xaricində də futbolçunun başqa kluba keçməsinə maneə törətdiyinə görə “Sabah” rəhbərliyinin başı ağrıya bilər. Mikelsin sözləşməsində “kluba bəlli kompensasiya ödəməklə gedə bilər” kimi bənd var. Bunu "Sabah" rəsmiləri, o cümlədən baş məşqçi Murad Musayev də təsdiqləyib. Mən Mikelsin müqaviləsinin detallarını dəqiq bilmirəm. Ona görə deyə bilmərəm ki, futbolçu "Sabah"a keçəndə, yoxsa müqaviləni yeniləyəndə məlum bəndi əlavə etdirib.
Adətən, klublar futbolçuların sərfəli təklif alacağı təqdirdə çıxıb getməsiylə bağlı bəndləri salmırlar. Bu zaman futbolçu ilə klub arasında problem yaranır. Belə ki, oyunçu təzminat məbləğinin maksimum az, klub isə maksimum çox göstərmək istəyir. Məsələn, Kadi "Qarabağ"dan Rusiya klubuna keçərkən "köhlən atlar"a 5 milyon manat təzminat ödənildi. Amma "ağ-qaralar"rın əsas oyunçusu Namiq Ələskərov "Netfçi"ni "Bursaspor"a dəyişəndə cəmi 100 min kompensasiya ödəyib getdi. Bu faciəvi dərəcədə az məbləğ idi. Ona görə də klublar futbolçuyla müqavilə imzalayanda onun kompensasiya qarşılığında başqa komandaya keçməsiylə bağlı bəndə xüsusi şərtlər əlavə edə bilər.
Məsələn, futbolçu ancaq bəlli “transfer pəncərəsi” zamanı klubu tərk edə bilər. Yəni ya qış, ya da yay fasiləsi zamanı. Yaxud yay “transfer pəncərəsi”nin bağlanmasına 1 ay qalmış, vacib oyunlar ərəfəsində və ya çempionatın həssas məqamında oyunçu başqa kluba keçə bilməz. Belə kreativ şərtlər çoxdu. Sadəcə, zamanında müqaviləyə əlavə edilməlidi. Hazırda görünən odu ki, Mikelsin sözləşməsində belə şərtlər yoxdu. İstənilən halda klubla futbolçu arasında bütün məsələlər müqavilə imzalanmamış saf-çürük edilməli və sözləşmədə əksini tapmalıdı".
ABDULLA İSMAYILOĞLU