Almaniyanın Münhen şəhərində 2027-ci ildə Qətərdə keçiriləcək basketbol üzrə dünya çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb.
"Football-plus.az" xəbər verir ki, İilk dəfə DÇ-nin təsnifatına qatılacaq yığmamızın da rəqibləri bəlli olub. Milli A qrupunda İsveçrə, Kosovo və İrlandiya ilə mübarizə aparacaq. B qrupunda Rumıniya, Lüksemburq və Norveç, C qrupunda isə Avstriya, Ermənistan və Albaniya yer alıb. Qrup turniri dairəvi sistemlə keçiriləcək, komandalar bir-biri ilə həm evdə, həm də səfərdə oynayacaq. Oyun günləri kimi gələn il fevralın 19-u və 27-si, noyabrın 18-i və 26-sı, eləcə də 2025-ci il fevralın 17-si və 25-i müəyyənləşib. 2-ci mərhələyə qrup qalibləri, eləcə də 2-ci yeri tutanlardan ən yaxşısı adlayacaq. Komandamızın kapitanı Amil Həmzəyevlə əlaqə saxlayıb, həm püşkatma, həm də başqa məsələlər ətrafında söhbətləşdik.
- Yığmamızın dünya çempionatnın ilkin təsnifat mərhələsindəki rəqibləri bəlli oldu. Püşkatma barədə nə deyə bilərsən?
- Bu hələ birinci mərhələdi. İkinci mərhələ çətin olacaq. Hazırda qrupumuzda yer alan İsveçrə, İrlandiya və Kosovo ilə başabaş oynaya bilərik. FİBA-nın qərarına uyğun olaraq yığmamızda bir legioner oyunçu olacaq. “Monako”da oynayan Dante Holl və “Partizan”da çıxış edən Zeqle Dey var. Hər birinin də Azərbaycan pasportu var. Bunlardan biri milliyə qoşulacaq.
- Səncə, qrupda ən çətin komanda hansıdı?
- Fikrimcə, İsveçrə yığması. Buna baxmayaraq, qrupda layiqincə mübarizə aparmağa çalışacağıq.
- Turnirdəki hədəfiniz nədi?
- Çalışdığımız qədər irəli getmək istəyirik. Ölkəmizi qatıldığımız bütün turnirlərdə layiqincə təmsil etmək niyyətindəyik.
- Mübarizə aparacağınız qrupda 4 yığma var, amma başqalarında 3. Bunun bir fərqi varmı?
- Bəxtimiz belə gətirdi. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət odu ki, qrupda oyun sayımız çoxdu. Mənfi cəhət isə daha zəif komandanın düşməməsidi.
- Aleksandar Trifunoviçin gedişindən sonra yığmanı kimin çalışdıracağı məlum deyil.
- Trifunoviçin müqaviləsində nəticə qazanacağı halda qalacağı yazılmışdı. Onun gedişi gözlənilirdi. Bizə təsir edəcəyini düşünmürəm. Fikrimcə, yığmanı yerli məşqçi çalışdırsa, daha yaxşı olar. Çünki oyunçuları öz mütəxəssislərimiz daha yaxı tanıyır. Federasiya xaricdən məşqçi gətirmək istəyirsə, bunu tez etməlidi. Avropadan gələn mütəxəssis liqamızı izləməli, oyunçuları tanımalıdı. Basketbolda elədi ki, komanda tez bir şəkildə yığılır və turnirə yollanır. Gələcək olan yeni məşqçiyə də vaxt lazım olur.
- Azərbaycan basketbolunun indiki durumu səni qane edirmi?
- Federasiya bununla bağlı müəyyən işlər görür. Bu il liqada 10 komanda iştirak edəcək. Ötən mövsüm isə ölkə çempionatı maraqlı alındı. Yeni mövsümdə “Sabah” avrokuboklarda iştirak edəcək. Bu da ölkəmizdə basketbolun səviyyəsinin qalxmasına kömək edən amillərdəndi. Uşaq basketboluna fikir verməliyik. İstedadlı gənclərimiz çoxdu və onların üzərində işləməlyik.
- Üç mövsüm Ukraynada, bir mövsüm Moldovada oynamısan. Yenidən legioner həyatı yaşamaq istəyərsənmi?
- Artıq 33 yaşım var və bundan sonra xaricdə oynamağım real görünmür. Biz özümüz də komandaya oyunçu axtaranda gənclərə üstünlük veririk. Bu proses Avropada da belədi. Liqamızın səviyyəsi məni qane etdiyi üçün burda oyanamağı üstün tuturam.
- Ötən mövsüm kapitanı olduğun “Gəncə” ilə ölkə kubokunu qazandın.
- “Gəncə” ilə əla oyunlar keçirdik. Hər şey qaydasındaydı. Kuboku götürdük, çempionatda ikinci olduq. Hətta çempion da ola bilərdik, alınmadı. Amma üzülmürük, çünki geridə yaxşı xatirələr buraxdıq.
- Yeni mövsümdə də səni “Gəncə”də görəcəyikmi?
- Çox güman, yeni mövsümdə başqa komandada olacam. Bəzi səbəblərə görə Bakıda qalmaq istəyirəm. İnşallah,yaxın günlərdə yeni komandayla anlaşaram.
- Daha neçə il basketbolla məşğul olmaq fikrindəsən?
- Həmişə düşünmüşəm ki, səhhətim imkan verəcəyi halda 37-38 yaşıma qədər oynayım. Amma elə bir şərait yaranar ki, oyunçu kimi yox, təcrübəli idmançı kimi ölkə basketboluna faydam dəyər. Bunu zaman göstərəcək.
CAVİD ƏLİYEV