Basketbol üzrə dünya çempionatına hazırlaşan yığmalar yoldaşlıq oyunlarını sıralamaqdadı.
"Football-plus.az" xəbər verir ki, belə oyunlardan birində Sloveniya yığması Yunanıstan yığmasına 77:88 hesabıyla uduzub. “Dallas”ın sloveniyalı müdafiəçisi Luka Donçiç oyun epizodlarının birində zədələnib. O, rəqibin mərkəz oyunçusu Georgios Papayannislə toqquşmadan sonra – 2-ci çeyrəyin sonunda meydanı tərk edib. Sloveniyalı ulduz sağ dizini tutaraq ağrı içində qıvrılıb.
Ancaq “BasketNews”un yaydığı xəbərə görə, Donçiç ciddi zədədən qaça bilib və avqustun 25-də start götürəcək dünya çempionatına hazırlığı davam etdirir. Sloveniya qrup mərhələsində Gürcüstan, Venesuela və Kabo-Verde ilə qarşılaşacaq.