“Sabah”ın 21, “Qarabağ”ın 18 legioneri var

14.09.2026 11:13 0
Ölkə futbolu / Manşet
Premyer-liqada iyunun 19-da açılan “transfer pəncərəsi” dünən saat 23.59-da qapanıb. Geridə qalan günlər ərzində, demək olar ki, bir çox komanda heyətini yenidən qurdu. “Qarabağ” və “Sabah” isə sanki transfer yarışına girdilər.

“Bayquşlar” bu müddətdə 9 yeni futbolçu ilə güclənib. Bu futbolçulardan yalnız biri - Amin Ramazanov azərbaycanlıdı. Masazır təmsilçisi əvvəlcə 8 oyunçu transfer etsə də, Çempionlar Liqasına iştirak ərizəsini təqdim edəndən sonra Karlos Eduardonu da heyətinə qatdı. Bununla yanaşı, komandanı 9 futbolçu tərk edib. “Sabah” akademiyadan da bir neçə gənc futbolçunu əsas komandaya cəlb edib. Beləliklə, hazırda komandanın heyətində 29 futbolçu var. Bu futbolçulardan yalnız 8-i – Rəvan Mirzəməmmədov, Amin Ramazanov, Rəhman Daşdəmirov, Abdulla Xaybullayev, Tellur Mütəllimov, Aleksey İsayev, Xəyal Əliyev və Rauf Rüstəmli yerli statusuna malikdi.

Bəs bu qədər transferə nə ehtiyac var, cənab Dambrauskas? Premyer-liqanın ilk turunda “Kəpəz”lə oyundan sonra heyətinizdə kifayət qədər futbolçunun olduğunu və yeni transferlərə ehtiyac görmədiyinizi söyləyən siz deyildizmi? Bəs onda nə dəyişdi? Həmin açıqlamadan sonra niyə yeni transferlər etdiz?

“Sabah”ın çempionluq yolundakı əsas rəqibi “Qarabağ”ın da düşərgəsinə nəzər salaq. “Köhlən atlar” 12 futbolçu ilə yollarını ayırıb, onların yerinə eyni sayda yeni oyunçu cəlb edib. Hazırda Ağdam təmsilçisinin heyətində 25 futbolçu var. Bunlardan 7-si – Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Hikmət Cəbrayılzadə, Musa Qurbanlı və Əli Bəşirov yerli statusa malikdi. İndi isə sanki komandanın illər ərzində formalaşan bünövrəsi də sökülüb. “Qarabağ”ın sistemi, heyət balansı artıq əvvəlki qədər aydın görünmür. Yeni futbolçuların uyğunlaşması, sistemin yenidən qurulması zaman tələb edir. Bəs bütün bunlara nə ehtiyac vardı?

Sadəcə, iki iddialı klub arasında yarış gedir… Transfer yarışı.

Kim daha çox futbolçu alacaq, kim heyətini daha çox dəyişəcək, kim daha çox pul xərcləyəcək...

İSRAYIL XEYRULLAYEV