"Səbail" iyulun son günlərində bosniyalı müdafiəçi Adi Mehremiçlə anlaşdı.
Onun "Football-plus.az" saytına müsahibəsini təqdim edirik.
- Başqa ölkələrdən təklif var idi? Niyə məhz "Səbail"i seçdin?
- Asiyadan və Türkiyədən təkliflərim var idi. Lakin "Səbail" və Bakı mənə doğma gəldi. Çünki Azərbaycan haqda çox yaxşı şeylər eşitmişəm. Burda oynayan dostlarım Boyan Letiç və Marko Veçoviçdən çempionat və "Səbail" barədə soruşmuşdum. Bu amillər bura gəlməyimə səbəb oldu.
- Ötən mövsüm formasını geydiyin "İstanbulspor" superliqanı 12-ci yerdə başa vurdu. Niyə bu komandanı tərk etdin?
- Türkiyə superliqasında "Qalatasaray"a, "Antalyaspor"a qol vurmaq, İkardi, Batşuayi, Zanyolo kimi boyük oyunçulara qarşı oynamaq xoş təcrübə idi. Orda çıxış etdiyim üçün çox xoşbəxtəm. Amma dəyişiklik vaxtı idi. Həm də orda qalmaq istəmirdim.
- Türkiyə və Azərbaycan futbolunu necə müqayisə edərdin?
- Türkiyədə futbolu daha çox sevirlər. Klub rəhbərləri yaxşı maliyyə ayırır. Buna görə də Avropada oynayan tanınmış oyunçular superliqaya gəlməyə maraq göstərir. Məsələn, sizin ölkənizdə süni meydançalar çoxluq təşkil edir. Bu amili də fərqlənənlər sırasına salardım. Düşünürəm ki, Azərbaycan futbolu da ildən-ilə inkişaf edəcək.
- Çempionatda iddialı komandalar çoxdu. Məsələn, "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"ni qeyd edə bilərik. "Səbail" yeni mövsümdə bu komandalarla necə mübarizə aparacaq?
- Əlimizdən gələni edəcəyik ki, iradəli komanda olaq, sona kimi mübarizə aparaq. Ümid edirəm ki, yeni mövsüm bizim üçün uğurlu keçəcək.
- Karyeran ərzində tez-tez komanda dəyişdiyini görürük...
- Əvvəlki mövsümlərdə belə hallar olurdu. Ümid edirəm ki, "Səbail"də uzun müddət çıxış edərəm.
- Sabiq komandan "Jelezniçar"bu gün Bakıda "Neftçi" ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsən? İlk oyunu izləmisən?
- Bəli, "Neftçi"nin "Jelezniçar"la birinci oyununu izləmişəm. Azərbaycan təmsilçisi daha keyfiyyətli komanda kimi göründü. Lakin "Jelezniçar" da iradəli komandadı. Cavab görüşündə daha yaxşı tərəf mərhələni keçəcək.
- Azərbaycan mətbəxti ilə tanış olmusan? Ən çox bəyəndiyin yemək hansıdı?
- Düzünü desəm, sizin mətbəxtlə yaxından tanış deyiləm. Amma Türkiyə və Bosniya mətbəxinə bənzəyir. Yeməklərdən isə plovu daha çox bəyənirəm.
- "Səbail" azarkeşlərinə nə demək istəyirsən?
- Bizə hər matçda sona kimi dəstək olsunlar. Ümid edirəm ki, azarkeşlərimizlə birgə uğurlu mövsüm keçirəcəyik.
CAVİD ƏLİYEV