Tovuz şəhər stadionunda yenidənqurma və təmir işləri çempionatın startına kimi başa çatmayacaq. Bunu nəzərə alan PFL rəhbirliyi “Turan-Tovuz”un ilk iki ev oyununun "Dalğa Arena"da keçirilməsinə qərar verib.
"Turan Tovuz" əsasən ev komandası kimi tanınır və doğma publika qarşısında istənilən rəqibə başağrısı ola bilir. Komandanın “12-ci oyunçusu” da çox güclüdü. Ayxan Abbasovun yetirmələri startda coşqun azarkeş dəstəyindən məhrum olacaq. Bəs azarkeşlərin ev oyunlarının "Dalğa Arena"da keçirilməsinə münasibəti necədi?
"Football-plus.az" saytı bu məqamı aydınlaşdırmaq üçün klubla azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevin fikirlərini öyrəndi:
"Bildiyiniz kimi, Tovuz şəhər stadionunda təmir işləri gedir. Hələ bütün işləri yekunlaşmayıb. PFL rəhbərliyi də bunu nəzərə alaraq iki ev oyunumuzun "Dalğa Arena"da keçirilməsiylə bağlı qərar qəbul etdi. Təbii ki, bu qərar bizi müəyyən qədər məyus etdi. Çünki tovuzlu fanatların stadionu necə doldurduqlarını hamı görüb. Bizdə azarkeş dəstəyi çox vacib məsələdi. Buna rəğmən, nikbinik, başda Ayxan müəllim olmaqla bütün "Turan Tovuz" kollektivinə güvənimiz sonsuzdu. Komandamız doğma publika önündə oynamasa da, qələbələr qazanacağımıza inanırıq və "Dalğa Arena"ya azarkeşlərimizi toplamağa çalışacağıq. Sponsorumuz "Hünər Qrup"a da dərin minnətdarlığımızı bildirirəm. Hər məsələdə olduğu kimi, azarkeşlərin "Dalğa Arena"ya çatdırılmasında və başqa təşkilatı işlərdə də bizdən köməyini əsirgəmir. Harda oynamasından asılı olmayaraq, komandanı tək qoymayacağıq".
ABDULLA İSMAYILOĞLU