İspaniyanın aşağı dəstəsində mübarizə başa çatdı.
"Football-plus.az" xəbər verir ki, finalda “Alaves”lə “Levante” qarşılaşdı. İlk oyunda olduğu kimi, cavab görüşünün əsas vaxtı da qolsuz bitdi. Ancaq əlavə vaxta artırılan 9-cu dəqiqədə Vilyalibre penalti qolu ilə “Alaves”i elitaya qaytardı. Maraqlıdı ki, bu iki komanda 2022-ci ildə yüksək divizionu tərk etmişdi. Və daha bir maraqlı məqam: İspaniyada elitaya yüksəlməklə bağlı pley-off qaydalarında penalti nəzərdə tutulmayıb. Əlavə vaxt da heç-heçə bitəndə çempionatda daha yüksək yer tutan komanda qalib sayılır. “Levante” 3-cü, “Alaves” 4-cü yeri tutmuşdu deyə, cavab görüşü də 0:0 bitsəydi, birincilər elitaya qayıdacaqdı.
Beləliklə, “Qranada” ilə “Las Palmas”ın ardından “Alaves” də pley-off oyunlarının qalibi kimi La Liqaya vəsiqə qazandı. Xatırladaq ki, bu il İspaniya futbolunun elitasını “Valyadolid”, “Espanyol” və “Elçe” tərk edib.
La Liqaya vəsiqə uğrunda pley-off, yarımfinal, cavab görüşləri: Levante – Albasete 3:0, Alaves – Eybar 2:0.
Final, ilk oyun: Alaves – Levante 0:0. Cavab görüşü: Levante – Alaves 0:1.