İstefa ilə bağlı fikirlərini öyrənmək üçün Fərəc Əliyevlə əlaqə saxladıq. Onun "football-plus.az"a dedikləri:
"7 il idi "Səbail"də çalışırdım. Klubun uğurlu olub-olmamasında ən böyük pay sahibi mənəm. Ən azı mən belə düşünürəm. Bilindiyi kimi, ötən mövsüm işlər yolunda getmədi. Az qala premyer-liqanı tərk edəcəkdik. 1-ci diviziona düşüb-düşməyəcəyimiz sonuncu matçda bəlli oldu. Halbuki "Səbail" daha yuxarı pillələrə layiqdi. Bunun səbəbkarı özüməm. Baş məşqçi Şahin Diniyev komandanın rəhbərliyinə gələndə vəziyyət daha pis idi. Onun sayəsində premyer-liqada qaldıq. Heyətdə xeyli irəliləyiş oldu. Bəli, yeni təyinata qədər işimi davam etdirəcəm. İllərlə "Səbail"dən evimə çörək aparmışam. İndi birbaşa "sağ olun, mən getdim" deməyə haqqım yoxdu. Klubu qarşıda təlim-məşq toplanışı və yeni transferlər gözləyir. Yeni icraçı direktor bəlli olana qədər bu mövzularda təcrübəmi bölüşməyi özümə borc bilirəm. Başqa klublardan təklif yoxdu. Olsa belə, hələ ki baxmayacam".
KƏNAN BAHADIR





