Komandanın kubokun yarımfinalına vəsiqə qazandığı bir vaxtda onun postundan ayrılması bir qədər gözlənilməz oldu. Əslində premyer-liqada ardıcıl uğursuzluqlardan sonra çoxları bu addımın atılacağını gözləyirdi. Lakin Mahmud bəy özü istefa barədə düşünmədiyini, klub da onunla yola davam etmək istədiyini bildirirdi. Qurbanovun istefa verməsinə səbəb rəhbərliyin onun qarşısına qoyduğu yeni tələblər olub. Belə ki, ona ölkə kubokunu qazanmalı olduğu bildirilib. Mütəxəssis isə hazırda komandası bu potensialda olmadığına görə tələblə razılaşmayaraq istefa verib.
Maraqlıdı, Mahmud Qurbanovun istefa verməsinin səbəbi nədi? Klub rəhbərliyi onu kimlə əvəzləməyi düşünür? Bu suallarla “Səbail”in icraçı direktoru Fərəc Əliyevə müraciət etdik:
“Səbəb barədə baş məşqçidən soruşsaq, daha yaxşı olar. Dünən iclasda özü bildirdi ki, həm klubun, həm də özünün yaxşılığı üçün istefa ərizəsini qəbul etsinlər. Ona görə də qəbul olundu. Kuboku qazanmaqla bağlı deyilənlər həqiqəti əks etdirmir. Belə söhbət olmayıb. Ümumiyyətlə, klub rəhbərliyi mövsümün əvvəlindəki tələbləri qüvvədə saxlayıb. Yeni heç bir əlavə tələb olmayıb. Komandanın sonuncu pillədə yer alması hər şeyi alt-üst etdi”.
ŞAİR ABDULLA




