“İsveçrə turu”nun 5-ci mərhələsində iki veloidmançının dəhşətli toqquşması nəticəsində “Bahrain - Victorious” komandasının sürücüsü Cino Möder həyatını itirib. 26 yaşlı isveçrəli finişə az qalmış kəskin döngədə “Ineos Grenadiers” kollektivinin üzvü Maqnus Şeffildlə toqquşub. Bundan sonra hər ikisi uçuruma yuvarlanıb.
"Football-plus.az" xəbər verir ki, faciə yarışın ən təhlükəli sayılan və idmançıların maksimum sürət yığdığı ərazidə yaşanıb. Söhbət finiş xəttindən əvvəlki son enişdən gedir. “İsveçrə turu”nun həkimi Roland Kröş cəmi bir neçə dəqiqə sonra özünü insidentdən yaşandığı yerə çatdırıb. Onun sözlərinə görə, həmin vaxt hər iki idmançı çay yatağında uzanmışdı. Şeffildin huşu yerində idisə, Möderin nəbzi artıq hiss olunmayıb. “25 dəqiqə ərzində ona kömək etdim, ürəyi yenidən döyünməyə başladı”, - deyə Kröş “Blick” nəşrinə açıqlamasında bildirib.
Möder təcili sürətdə tibbi helikopterlə Kur şəhərinin hospitalına təxliyə olunub, orada həkimlər 12 saat onun həyatı uğrunda mübarizə aparıblar. Ancaq yerli vaxtla saat 11.30-da idmançı vəfat edib. Röşün dediyinə görə, veloidmançının böyük ehtimalla ciddi daxili kəllə-beyin zədəsi olub, çünki həkim baxış zamanı onda gözlə görünən xarici xəsarətlər aşkar etməyib.
“Dərin hüzn və ürək ağrısıyla Möderin ölümü haqda xəbər verməliyik. İyunun 16-da “İsveçrə turu”nun 5-ci mərhələsi zamanı ciddi qəzadan sonra ağır zədələr alan Cino həyat uğrunda döyüşü uduzdu. Komanda bu faciəvi xəbərdən sarsılıb. Belə inanılmaz çətin bir vaxtda bütün fikirlərimiz və dualarımız Cinonun ailəsi və yaxınlarıyla birgədir. Bu gün və hər gün sənə görə yarışacağıq, Cino”, - “Bahrain - Victorious” komandasının bəyanatından deyilir.
Qeyd edək ki, Möder peşəkar karyerasına 2019-cu ildə “Dimension Data” komandasında başlayıb. İsveçrəli 2021-ci ildə “Bahrain – Victorious”a qoşulub. O, bu komandanın heyətində çoxgünlük “Ciro d’İtaliya”, “İsveçrə turu”, “Romandiya turu” veloyürüşlərinin müxtəlif mərhələlərin qalibi olub. 2021-ci ildə isə “Vuelte İspaniya”nın ən yaxşı gənc velosürücüsü seçilib və yekunda ümumi sıralamada 5-ci yeri tutub. Şeffild müxtəlif zədələr və beyin silkələnməsi ilə xəstəxayana yerləşdirilib, ancaq onun həyatı üçün heç bir təhlükə yoxdu.
Yeri gəlmişkən, baş verən faciədən sonra dünyanın ən güclü veloidmançılardan biri sayılan “Soudal-Quick-Step” komandasının üzvü Remko Evenepul təşkilatçıları ən çətin dağ mərhələsinin finişində bu cür təhlükəli enişə görə tənqid edib: “Sürücülərdən heç biri finiş xəttinə az qalmış belə təhlükəli enişin olmasını istəməz. Ondansa mərhələni dağlarda bitirmək daha yaxşı olardı. Bəzi idmançıların döngədə idarəetməni itirərək yıxıldığını eşitdim”. Maraqlıdı ki, Evenepul bu fikirləri yarışın bitməsindən dərhal sonra, Möderin vəziyəti haqda hələ xəbər tutmadığı vaxt səsləndirib. Remkonun bu mövqeyini pelotonun başqa sürücüləri də dəstəkləyiblər.
Xatırladaq ki, “İsveçrə turu”nun 6-cı mərhələsi faciəyə görə təxirə salınıb. Sonuncu mərhələ Möderin xatirəsinə həsr olunacaq. İsveçrəlinin həyatını itirməsi 2019-cu il avqustun 5-dən bəri veloidmanda yarış zamanı zədədən qeydə alınan ilk ölümdü. Həmin vaxt “Polşa turu” vaxtı 22 yaşlı belçikalı Byorq Lambrext yıxılaraq dünyasını dəyişmişdi. 2020-ci ilin sentyabrında Moskvada keçirilən beynəlxalq trek yarışlarında isə rusiyalı Pavel Sveşnikov ürək dayanmasından vəfat etmişdi.