Türkiyə kubokunun finalının ardından “Fənərbaxça”dan ayrılaraq vətəninə yollanan Jorje Jezuş Portuqaliya mətbuatına açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis artıq yığmada işləmək və dünya çempionatı həyəcanı yaşamaq istəyir. Ona Səudiyyə Ərəbistanı yığmasından illik 10 milyon avro maaşla rəsmi təklif gəlib. Amma ünlü çalışdırıcı bu ayın sonuna qədər gözləmək və daha yaxşı təklifin olub-olmadığını görmək istəyir. Onun arzusu Braziliya yığmasını çalışdırmaqdı və bunu da bir neçə dəfə dilə gətirib. “Pentakampeonlar” isə bilindiyi kimi, hələ də yeni məşqçi ilə bağlı qərar verməyib. Jezuş Portuqaliyanın “Rekord” nəşrinə bunları deyib:
“Türkiyədə baş məşqçi kimi çalışmaq mənim üçün gözəl təcrübə oldu. Bir il möhtəşəm bir ölkədə və möhtəşəm şəhərdə yaşadım. İstanbul həqiqətən də əsrarəngizdi. Mənə dəyər verən, məni sevən bir klubdan ayrılmalı oldum. İndi dincəlirəm. İyunun sonuna qədər nəsə olsa, siz də xəbər tutacaqsız. Nə olacağını özüm də bilmirəm. “Fənərbaxça”nı heç vaxt unutmayacam. Mənim üçün vida yeməyi təşkil etdilər. Başqan Əli Koç mənə “bir gün mütləq geri dönəcəksən” dedi. Braziliyadan təklif almışammı? Bəli, “Fənərbaxça”da işlədiyim dönəmdə bir neçə rəsmi təklif gəldi. Amma bunların heç biri Braziliyadan deyildi. Braziliyadan heç kim mənimlə əlaqə saxlamayıb. İndi ən böyük arzumun hansısa yığma komanda ilə dünya çempionatında iştirak etmək olduğunu gizlətmirəm. Çünki indiyə qədər klub futbolunda bir çox ölkələrdə, eləcə də avrokuboklarda iştirak etmişəm. Amma məşqçilik karyeramın sonunda mundialın da ab-havasını yaşamaq istəyirəm. Mövsüm bitməmiş “Fənərbaxça”dan ayrılmaq istəmədim. Bu, fanatlar üçün heç də yaxşı olmazdı. “Fənər” fanatlarına onları heç nəyə dayişməyəcəyimi hiss etdirməyə çalışdım. Portuqaliyada 3 fərqli dönəmdə işləmişəm. Səudiyyə Ərəbistanında titul qazanmışam. Braziliyaya gedib orda da çempion olmuçam. Artıq yeni bir macəra zamanıdı. Bundan sonra Portuqaliyada işləməyəcəyimi dəqiq söyləyə bilərəm”.
“Fənər”in yeni məşqçisinə gəlincə, hələ də namizədlər arasında Vinçentso Montella, Abdulla Avcı və Sərgən Yalçının adı hallanır. Montella da artıq “Adana Dəmirspor”dan ayrılıb və hər üç məşqçi hazırda işsizdi. Sərgən bu mövzu ilə bağlı verdiyi qısa açıqlamada “Fənər”dən heç kim mənlə əlaqə saxlamayıb. Təklif gəlsə, oturub söhbət edərik” ifadəsini işlədib. Amma rəhbərlikdən bəzi isimlər Yalçının namizədliyini dəstəkləmir. Onun həm “Beşiktaş”lı olması, həm də 2019-da “Alanyaspor”u çalışdırarkən “Fənərbaxça” elitada qalmaq, biz isə 5-ci pillə uğrunda oynayırıq” sözlərini dilə gətirməsi bu təyinatı çətinləşdirir. Qeyd edək ki, İstanbul nəhəngi yeni mövsümün hazırlığına iyulun 5-də start verəcək. İstənilən halda həmin vaxta qədər yeni məşqçinin kimliyi bəlli olacaq. “Fənər” iyulun 6-da Rusiyaya yollanaraq “Zenit”in təşkil etdiyi 4 komandalı turnirdə iştirak edəcək. “Fənər”lə “Zenit”dən başqa orda “Srvena Zvezda” və təmsilçimiz “Neftçi” də olacaq. “Sarı-lacivərdlilər”in Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi isə iyunun 21-də baş tutacaq püşkatmadan sonra bilinəcək. “Fənər” bu mərhələdə ilk oyununu iyulun 27-də, cavab görüşünü avqustun 3-də keçirəcək.