Daha bir futbol mövsümünü geridə qoyduq.
Təbii ki, çatışmazlıqlar oldu. Buna rəğmən, ölkə futbolu üçün maraqlı sayılacaq mövsümü geridə qoyduğumuzu söyləyə bilərik. Peşəkar liqaları təşkil edən PFL ən çox iş görən və tənqid olunan qurum idi. Bunu nəzərə alaraq PFL-in texniki-idman direktoru Elgiz Abbasovla “futbol ili”nin yekunları ilə bağlı söhbətləşdik.
(əvvəli ötən sayımızda)
“PFL-in infrastruktur tələblərinə riayət olunmalıdı”
- Mediada söz-söhbət gəzir ki, Naxçıvan stadionunda ciddi problemlər var. Bu səbəbdən də “Araz Naxçıvan”ın premyer-liqada iştirakı sual altındadı. Həqiqətən belədi? Gəncə stadionundakı problemlərə rəğmən, “Kəpəz”in premyer-liqada iştirakına icazə verilirsə, “Araz Naxçıvan”a niyə güzəşt olunmur? Naxçıvan stadionundakı problemlərin yoluna qoyulması çox çətindi?
- Əvvəlcə onu deyim ki, “Kəpəz” buraxılıbsa, “Araz Naxçıvan” da premyer-liqa da iştirak etməlidi” qanunu və ya qanunauyğunluğu ilə razı deyiləm. “10 il öncə nəsə etmişiksə, bunu yenidən təkrarlamalıyıq” deyə bir şey yoxdu. Lisenziya tələbləri var. “Araz Naxçıvan” da lisenziya alıb. Bilirsiz ki, Lisenziyalaşdırma qrupu ilə əməkdaşlıq edirik. Bu ildən sıx işləməyə başlamışıq. Növbəti mövsümdən 1-ci divizionda da lisenziyalaşdırma olacaq. Hər işi peşəkar səviyyədə qurmağa çalışırıq. “Araz Naxçıvan”ın rəhbərliyinə məktubla müraciət etmişik. Ot örtüyü, işıqlandırma, yardımçı otaqlar, çəkiliş platformalarındakı problemlər iyunun 30-dək aradan qaldırılmalıdı. Ya da görməliyik ki, yaxşı iş görüblər. Bunlar olmasa... Təbii ki, bunu Lisenziya qrupunun iclasında da dedik. Bu söhbət təkcə “Araz Naxçıvan”a aid deyil. Fərqli çatışmazlıqlar var. Bunlar aradan qaldırılmasa, lisenziyanı geri alacağıq. Lisenziya almaq premyer-liqada oynamaq anlamına gəlir. PFL-in infrastruktur tələblərinə riayət olunmalıdı.
- Bu tələblər təkcə Misli premyer-liqasında deyil. İngiltərə premyer-liqasına vəsiqə qazanan “Luton”un da qarşısına şərt qoyublar ki, arenanı çempionatın səviyyəsinə uyğunlaşdır...
- Doğru buyurursuz. Futbolun qaydası budu. Hamı deyir ki, komanda sayı artsın. Biz də buna çalışırıq. Kəmiyyət olsun deyə keyfiyyəti arxa plana ata bilmərik. Sabah media fərqli problemləri işıqlandırmağa başlayacaq. Deyəcəksiz ki, bunları niyə əvvəldən bilmirdiz? Nə üçün bu komanda premyer-liqaya gəldi? Maliyyə və struktur dayaqlarını niyə yoxlamadız? Bu səbəbdən də atalar sözündə olduğu kimi, yüz ölçüb, bir biçmək istəyirik. Sonda yarıyolda dayanmaq istəmirik.
- Belə başa düşdüm ki, PFL hələlik premyer-liqada 10 komandanın olmasını dəstəkləyir...
- Mən belə deməzdim. Keyfiyyətli komandalar varsa, təbii ki, İcraiyyə Komitəsinin qərarı ilə iştirakçıların sayını mümkün qədər artıra bilərik. Amma mövcud əsasnamə var. Birinci divizionda yüksək pillələrdə qərarlaşan bir komanda lisenziya şərtlərinə cavab verirsə, premyer-liqaya yüksəlir. Sonuncu yeri tutan isə elitanı tərk edir. Amma əsasnamədə bir bənd də var. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən bu dəyişə bilər. Əsasnamənin yazılış qaydası budu. Bu dəqiqə üçün ancaq bunu deyə bilərəm ki, mövcud qaydalar belədi.
“Hər bir komandanın öz şəhərində oynamasını prioritet kimi qəbul edirik”
- Bir müddət öncə Hakimlər Komitəsinin PFL-ə veriləcəyi haqda məlumat əldə etmişdik. Bu nə qədər doğrudu?
- Bilirsiz ki, qurumun adı AFFA Hakimlər Komitəsidi. Biz oyun cədvəllərini onlara veririk. Qurum da bunun əsasında hakimləri təyin edir. AFFA-nın Hakimlər Komitəsidi, PFL ilə hansısa bağlılığı yoxdu.
- Hakimlər Komitəsi PFL-in tərkibinə qatılsa, işiniz rahatlaşar, yoxsa, hansısa dəyişiklik olmaz?
- Bunu zaman göstərər (gülür).
- Mövcud qərara görə, 1-ci divizionda 4 yeni komanda iştirak edəcək. Mediada yazılanlara inansaq, 3 kollektivin adı bəllidi.
- Həmin 3 komandanın adını deyin, mən də bilim.
- “Araz” (Saatlı), “Karvan” və “İrəvan”...
- 4-cü komandanın adı hələ də bilinmir? Bu kollektivlərin adı hələ də hallanır. Amma hansısa yekun qərar yoxdu. İstəyirik ki, 10 komandalı və 3 dövrəli sistem tətbiq edək. Burda da infrastruktur məsələləri bizim üçün çox vacibdi. Komanda adları, say tərkibi, bu və başqa məsələlər ilə bağlı qarşıdakı günləri və ya həftəni gözləmək daha məqsədəuyğundu.
- Ötən mövsüm “İmişli”nin stadionunda problem var idi. Kluba başqa arenada oynamaq üçün güzəşt olundu. Bu mövsüm hansısa kollektivə belə şərait yaradılacaq?
- Əslində “İmişli”yə güzəşt olunmadı. Belə olsaydı, mövsümə İmişli şəhər stadionunda başlayardılar. Saatlı Olimpiya İdman Kompleksində oynadılar. İmişlidəki stadionu təftiş etdik. Anladıq ki, burda 1-ci divizionun oyunlarını keçirmək olmaz. Bu səbəbdən də alternativ variant təklif etdilər. Mövsümün sonuna doğru müəyyən işlər gördülər. Yekun baxışdan sonra İmişli stadionuna icazə verildi. Bunu güzəşt yox, işin tətbiqini sona qədər gözləmək kimi qələmə versək, daha yaxşı olar. Təbii ki, müəyyən çatışmazlıqlar var, minimum şərtlərə cavab verirlər. Amma klubun şəhərə qayıdışı möhtəşəm qarşılandı. Azarkeş sayında ciddi fərq hiss olunur. Bunu nəzərə alsaq, hər bir komandanın öz şəhərində oynamasını prioritet kimi qəbul edirik.
“Birinci divizion klubları üçün tələblər konsepsiyası hazırlamışıq”
- Birinci divizionda oyunlar yenə həftəiçi keçiriləcək? Klublar da bu məsələdən şikayətçidi. Çünki azarkeş sayına təsir edir...
- Məsələyə qlobal yanaşmaq istəyirəm. Növbəti mövsümdən etibarən əvəzedicilərin çempionatıyla 1-ci divizion ayrılır. Ənənəvi olaraq premyer-liqanın oyunlarını 5, 6 və bazar günləri keçirmək istəyirik. Məşqçilərlə əvəzedicilərin yarışı ilə bağlı müzakirələrimiz olub. Böyük ehtimalla “ikincilər”in oyunu əsas komandaların matçlarından 1 gün sonra keçiriləcək. Nə üçün? Məsələn, bir baş məşqçi gənc futbolçunu həftə ərzində əsas komandaya cəlb edir. Lakin görüşün axarına uyğun həmin oyunçunu meydana buraxmır. Futbolçu 6 gün məşq edirsə, yeddincidə oynamalıdı. Lakin belə şansı olmur. Ona belə şərait yaradırıq ki, 8-ci gün əvəzedicilərin heyətində meydana çıxsın. 1-ci divizionun oyunları böyük ehtimalla yenə həftəiçi keçiriləcək. Təşkilati və başqa məsələlər baxımından həmin liqanın görüşlərinin bu vaxt keçirilməsi lazımdı. Sadəcə, infrastrukturu imkan verən stadionlarda görüşlərin axşam saatlarında baş tutmaq ehtimalı var.
- Aşağı dəstənin oyunları hansısa kanalda yayınlanacaq? Düzdü, ötən mövsüm görüşlər “İnsport”da internet üzərindən təqdim olunurdu...
- Məsələyə ikitərəfli baxmaq lazımdı. Bir var televiziya yayınları, bu “CBC Sport”a məxsusdu. Lakin internet üzərindən yayın hüququ İcraiyyə Komitəsinin qərarı ilə PFL-ə verilib. Təbii ki, biz özümüz və liqamız üçün ən düzgün variantları axtarırıq. Dəyişiklik ola bilər.
- AFFA İcraiyyə Komitəsinin qərarı ilə yeni peşəkar liqa yaradıldı. 2-ci divizion layihəsi PFL-in, əsasən də Texniki-idman Departamentinin işini daha da çətinləşdirəcək?
- Çox adam düşünürdü ki, iyunun 3-dən sonra istirahətə yollanacağıq. Bir liqanın bitməsi bizim üçün digərinin başlamsı deməkdi. 2-ci divizionla bağlı İcraiyyə Komitəsinin qərarı var. Bütün məsələlər PFL və AFFA-nın baş katibliyinə həvalə olunub. İlkin siqnallar çox müsbətdi. Bütün futbol ictimaiyyəti bizimlə əlaqə saxladı. Onlar bu liqanın yaradılmasını çox müsbət qarşılaşdı. Bu iş PFL və baş katibliyə həvalə olunubsa, məsələyə peşəkar yanaşılacaq. İclasımız və görüşümüz olub. İlkin təkliflər dinlənilib. Yaxın günlərdə bu məsələ ilə bağlı daha dəqiq danışa bilərik. Bəli, liqalarının sayının artması PFL-in işinin çoxalmasına səbəb olacaq. Bizim peşəkar komandamız var. Bu işin öhdəsindən gələcəyik.
- Belə başa düşdüm ki, hələlik komandalar və struktur bəlli deyil...
- Qərar yeni qəbul olunub. Ölkə kubokunun final oyunu günü iclas keçirildi. 2-3 gün ərzində ilkin işlərə start vermişik. Çalışırıq ki, maraqlı konsept fikirləşək. Yaxşı təqvim tətbiq edək, ən azı pley-off mərhələləri təşkil edək. İnsanlar, klublar futbol həyəcanını hiss etsin. Komandalarla bağlı isə iki həftədən sonra danışa bilərik.
- 1-ci divizionda klublardan tələb olunan meyarlar “ikincilər”ə də tətbiq ediləcək, yoxsa tam fərqli olacaq?
- 2024/25 mövsümündən etibarən 1-ci divizionun lisenziyalaşdırılmasına rəsmən start veriləcək. Biz artıq klubları bu prosesə hazırlamalıyıq. Bununla bağlı PFL olaraq 1-ci divizion klubları üçün tələblər konsepsiyası hazırlamışıq. Hazırda liqada çıxış edən və etmək istəyənlərə təqdim olunub. Təbii ki, hər liqanın çəkisinə və adına uyğun tələblər müəyyənləşdirəcəyik. Lakin müəyyən şərtlər mütləq eyni olacaq.
“Təəssüf ki, oranın giriş qapısını tapa bilmədik”
- Futbol ictimaiyyətində klublara ən yaxın şəxs sizsiz. Həm AFFA nümayəndəsi kimi oyunlara təyinat alırsız, həm də texniki məsələlərlə bağlı onlarla görüşürsüz. Bu mövsüm ölkəmizi avrokuboklarda 4 komanda təmsil edəcək. “Qarabağ” Çempionlar Liqasında, “Sabah”, “Neftçi” və “Qəbələ” Konfrans Liqasında çıxış edəcək. Sizcə, hansı daha uğurlu çıxış edəcək?
- 2007-ci ildən futbol sahəsindəyəm. 2014-dən PFL-də fərqli vəzifələri icra etmişəm. Sevindirici haldı ki, bütün klublarla əməkdaşlığımız yüksək səviyyədədi. Hər bir kluba eyni yanaşırıq. Çalışırıq ki, hamısının problemini həll edək. Bəzən də onların tövsiyələrindən istifadə edirik. Bilirsiz ki, Avropa Futbol Liqalarının da tam üzvüyük. Bəzən seminarlarda iştirak edərkən hiss edirik ki, digər PFL-lər ilə klublar arasında böyük uçurum var. Sevindiric haldı ki, bu gün belə şey Azərbaycan futbolunda yoxdu. AFFA, PFL və klublar arasında işlək mexanizm var. Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün komandalara azarkeşlik edəcəyik. Hamısının çox uğurlu çıxış etməsini arzulayırıq. Bunu Azərbaycan vətəndaşı kimi istəyirik. Eyni zamanda, premyer-liqanın güzgüsü avrokuboklardı. İşimizin nəticəsi Avropa turnirlərində bilinir. Klublar nə qədər uğurlu olsa, Azərbaycan premyer-liqasının adı bir o qədər yüksələr. Burdakı nəticələr yaxşı futbolçuların ölkəmizə gəlişi üçün zəmin formalaşdırır. “Qarabağ”la “Sabah” avrokuboklara çox yaxşı hazırlaşıb. Uyğun olaraq “Qalatasaray” və “Beşiktaş”la oyunlarda göstərdilər ki, böyük təşkilatçılığa hazırdılar. Bununla hər iki kollektiv sanki qrup mərhələsinin matçlarını təşkil etmiş oldu. Gələcəkdə belə məqamlarda hansısa problem yaşamayacaqlar. “Neftçi” və “Qəbələ” də fərqli illərdə qrup mərhələsində iştirak edib. Ölkə kubokunun finalçılarıdı. İstirahətə qalan komandalardan gec gediblər. Oyun praktikası baxımından daha zəngindilər. Əlbəttə, klubların avrokuboklarla bağlı strategiyaları var. Bunu mətbuatdan oxuyuruq. Bizim əsas istəyimiz odu ki, ölkəmizi, liqamızı avrokuboklarda layiqincə təmsil etsinlər. PFL olaraq, həmişə onların yanındayıq.
- Bəzən baş məşqçilər PFL-ə söz atır. Onlara reaksiyanız necə olur?
- Cavab hazırlığına başlayırıq. Bu normaldı, futbolun tərkib hissəsidi. Elə məqamlar var ki, bəzən xoş qarşılayırıq. Bəzən də qıcıq yaradır. Biz hər şeyi qəbul etməyə hazır insanlarıq. Bu, zarafat da, tənqid də ola bilər. Amma cavablarımız da olacaq.
- Özünüz cənub bölgəsindənsiz. Bu sualı sosial şəbəkə hesablarımda xahiş etmişdilər ki, sizə ünvanlayım. Azərbaycan futbolunda cənub bölgəsinin nə vaxt peşəkar təmsilçisi olacaq?
- Vallah, ölkəmizi bölmək istəmirəm. Əzəldən bir amalım olub ki, bölgələrimizi ayırmayım. Bunu bütün klublardan soruşa bilərsiz. Mən həryerliyəm. Azərbaycan hər qarşısı mənim üçün eynidi. Bəli, Masallıda doğulub-böyümüşəm. Daha doğrusu, Anatoli Banişevski adına Masallı şəhər stadionunda böyümüşəm (gülür). Amma müsahibənin əvvəlində dediyim kimi, bizim üçün əsas prioritetlərdən biri infrastruktur məsələsidi. Qəhrəman Əliyevin yas mərasimdə iştirak etdim. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Futbol sahəsində tanıdığım ilk insanlardan biri idi. Aslan Şahgəldiyevlə birgə yas mərasimində iştirak edərkən Anatoli Banişevski adına Masallı şəhər stadionuna getməyə qərar verdik. Fərqli duyğular içindəydim. İndi də danışanda tüklərim biz-biz olur. Təəssüf ki, oranın giriş qapısını tapa bilmədik. Orda ənənəvi 3 futbolçunun heykəli var idi. Ayaqlarının altında da top. Həmin heykəli tapa bilmədik. İnfrastruktur olmayan yerdə futboldan, gələcəkdən danışmaq olmaz. Yanaşmamız eynidi. Təbii ki, harda infrastruktur varsa, onlara dəstək olmağa hazırıq.
- Azərbaycan futboluna jurnalist kimi gəlmisiz. Daha sonra PFL-də çalışmağa başlayaraq bu vəzifəyə qədər irəliləmisiz. Mediada haqqınızda nəsə yazılanda necə reaksiya verirsiz?
- Çox normal. Vallah. Tənqid haqlı olsa, çox yaxşı. Normal insanlar bundan nəticə çıxarmalıdı. Təbii ki, burda yaş amili də var. Artıq hər şeyi normal qəbul edirsənsə, deməli, dolğunlaşmısan. Başa düşürəm ki, bunun həm müsbət, həm də mənfi tərəfi var. Buna görə də hər şeyi normal qarşılamaq olar. Amma haqlı tənqidləri. Çox yaxşı qeyd etdiz. Mən də mediadan futbol sahəsinə gəlmişəm. Həmişə keçmişimə baxan insanam. Bəli, çətinliklərimiz olub. Lakin bu məqamlar bizi yaxşı mənada böyüdüb. İnsanı yaşı yox, yaşadıqları böyüdür. PFL-ə mediadan təkcə mən gəlməmişəm. Aslan Şahgəldiyev, Sənan Abdullayev də yaxşı jurnalist olub. Mənə elə gəlir ki, bu yaxşı məqamdı. İşin xüsusiyyətlərini bilirik, bu da media ilə bağlı layihələri həyata keçirməkdə bizə yardımçı olur. Əmin ola bilərsiz ki, PFL-in önəm verdiyi əsas qollardan biri mediadı. Həmişə mətbuatın qayğısına qalmağa çalışmışıq. Onlar üçün fərqli layihələr həyata keçirmişik. Siz də sağ olun ki, bizi medianın bir parçası kimi görürsüz, həmişə diqqət mərkəzində saxlayırsız.
İLKİN SULTANLI