Daha bir futbol mövsümünü geridə qoyduq.
Təbii ki, çatışmazlıqlar oldu. Buna rəğmən, ölkə futbolu üçün maraqlı sayılacaq mövsümü geridə qoyduğumuzu söyləyə bilərik. Peşəkar liqaları təşkil edən PFL ən çox iş görən və tənqid olunan qurum idi. Bunu nəzərə alaraq srağagün AFFA-nın inzibati binasında PFL-in texniki-idman direktoru Elgiz Abbasovla “futbol ili”nin yekunları ilə bağlı söhbətləşdik.
“Elxan Səmədovun təyinatı PFL-ə yeni qan gətirdi”
- 2022/23 mövsümü başa çatdı. PFL rəsmisi kimi “futbol ili”ni necə dəyərləndirərdiz?
- Bu haqda danışmazdan öncə “Futbol+” ailəsinə təşəkkür etmək istəyirəm. Premyer-liqa, 1-ci divizion, Azərbaycan kuboku, Peşəkar Futbol Liqası, futbol və digər idman növlərinə aid olan tədbirləri yüksək səviyyədə işıqlandırdığına görə redaksiyanızın rəhbərliyinə və bütün kollektivinə minnərdaram. Biz yaxşı işlər görə bilərik. Lakin həmin məsələlər mediada işıqlandırılmasa, yarımçıq olur. Sizin timsalınızda bütün mediaya təşəkkür edirəm. Çox sağ olun. Digər mövsümlərdən fərqli “futbol ili” oldu. Çünki müəyyən fasilədən sonra premyer-liqada 10 komandalı sistem tətbiq olundu. Nəticədə çempionatda daha çox oyun baş tutdu. Komandalar bir növ özlərini həftədə 1 oyun çərçivəsindən çıxardılar. Qarşılaşmalarını və istirahətlərini bu sistemə uyğunlaşdırdılar. Bundan başqa, son texnologiya - VAR sistemi tətbiq olundu. Bu sistemə hazırlıq gedirdi, lakin mövsümün əvvəlindən tətbiqinə başlanıldı. Bəzi liqalar var ki, VAR-ı ilk ildə müəyyən müddət tətbiq edirdilər. Məsələn, son 5 turda və ya kubokun yarımfinal mərhələsində. Lakin bizdə fərqli oldu. Mövsümün əvvəlindən sonuna kimi bu sistemdən yararlandıq. Demək olar ki, qarşılaşmalarının 99 faizi VAR-la keçdi. Hansı oyun tamaşaçılara canlı təqdim edildisə, orda VAR oldu. Bunu da uğur kimi qələmə vermək mümkündü. Düzdü, VAR-ın tətbiqində insanları narahat edən məqamlar da oldu. Əsasən qərarların gecikməsi ilə bağlı problem yaşandı. Çoxu dedi ki, hakimlər ləng davranır, epizodların baxılmasına çox vaxt ayrılır. Mən də azarkeş kimi bu fikirlə razıyam. Adamlar haqlıdı, hər şeyin daha tez olmasını istəyirlər. Amma işin içində olan adam kimi deyə bilərəm ki, futbolda vaxt ən az VAR sistemi üçün gedir. Qapıçıların topu oyuna daxil etmələrinə, həkim müdaxilələrinə, aut atışlarına, əvəzetmələrə daha çox vaxt sərf olunur. VAR-la bağlı məsələ insanların gözünə çox görünür. Çünki burda qərar verilir. Bu, psixoloji məsələdi. Təbii ki, təkmilləşdirilməli çox məsələ var. Ümid edirəm ki, bu mövsüm ərzində olan səhvlərimizə baxaraq qarşıdakı “futbol ili”ndə təkrarlanmamasına çalışacağıq. Digər tərəfdən, PFL-in “elektron matç” bazasını təkmilləşdirdik. Bu 2019/20 mövsümünün ilk yarısından tətbiq olunur. İndi də təkmilləşdirmə prosesindəyik. Daha bir dəyişiklik rəhbərliklə bağlı oldu. Ramin Musayevin istefasından sonra Elxan Səmədov seçki ilə bu vəzifənin icrasına başladı. Bundan əlavə, onun rəhbərliyi altında komandaya yeni kadrlar cəlb etdik. AFFA-da böyük təcrübəsi olan oyun əməliyyatları qrupunun rəhbəri Zaur Hacı-Məhərrəmov, eyni zamanda bütün futbol ictimaiyyətinin yaxından tanıdığı Sənan Abdullayev PFL-də fəaliyyətə başladı. Aslan Şahgəldiyevin vəzifəsində dəyişiklik oldu. Mən müəyyən struktur dəyişikliyindən sonra texniki-idman direktoru oldum. Deyə bilərəm ki, Elxan Səmədov gələndən sonra işlək mexanizmi daha da sürətləndirdi. PFL-in başqa adı “bir ailədi”. Burda hər kəs əlini daşın altına qoydu. Bunun sayəsində mövsümü normal şəkildə yekunlaşdırmağı bacardıq.
- 2022/23 mövsümündə yeni rəhbər təyinatı gerçələşdi. Bundan əlavə də komandanızda dəyişikliklər baş tutdu. Onlarla birgə çalışmaq sizin üçün nə qədər asan və ya çətin oldu?
- Prezident seçkisinə qədər Elxan Səmədovla 2-3 görüşüm olmuşdu. Həmin vaxt o VAR-ın Azərbaycandakı layihə rəhbəri idi. Bu zamana qədər bilirdim ki, bu adamın futbola böyük sevgisi var. Təsadüfi deyil ki, yaşına rəğmən, PFL-in futbol komandasının ən yaxşı oyunçusudu. Görüşün əvvəlindən sonuna kimi mübarizliyi ilə seçilir. Onun haqda çox danışsam, deyəcəklər ki, rəhbəri tərifləyir. Özü də bunu xoşlamır. Amma futbol ictimaiyyətindəki adamlar onunla görüşdən sonra bildirirlər ki, Elxan Səmədov bu idman növü üçün can qoyan adamdı. Onunla PFL-dəki ilk görüşümüz çox qısa çəkdi. Aslan Şahgəldiyev, mən və Elxan Səmədov arasında qısa toplantı oldu. Həmin vaxt qərar verildi ki, hamı yoluna davam edir. Hətta PFL-in komandası genişləndirilir. Yeni gələnlərlə birgə ailə kimi formalaşmışıq. Elxan Səmədovun təyinatı PFL-ə yeni qan gətirdi. Təbii ki, Ramin Musayevin də fəaliyyətini diqqətə almaq lazımdı. 2008-ci ildə sıfırdan kollektiv yaratmışdı. Bizim ailə mühitimiz onun dövründən formalaşıb. Bu günə qədər də davam edir. Elxan Səmədov da həmin strukturun genişləndirilməsində və mükəmməlləşdirilməsində rol oynadı.
- Rəhbərlə bağlı fikirlərinizi bildik. Bəs yeni cəlb olunanlar necə? Zaur Hacı-Məhərrəmov, Sənan Abdullayev kimi şəxslər PFL-ə qoşuldu. Aslan Şahgəldiyevin vəzifəsi dəyişdi. Bu kadr islahatları qurumun işini asanlaşdırdı, yoxsa çətinləşdirdi?
- Sənan Abdullayevi uzun müddətdi tanıyıram. Şəxsiyyətinə hörmət etdiyim insanlardandı. Onun işini hər kəs bilir. Hamıya bəllidi ki, hansı dövrlərdə hansı layihələri həyata keçirib. Onunla qısa müddət bir yerdə çalışmışdıq. Avropa gənclərinin Bakıda keçirilən Olimpiadasında onun işə necə ciddi yanaşdığını görmüşdüm. İnsan kimi də çox xarakterlidi. Sənan Abdullayevin təyinatı ilə PFL-in ürək damarlarının sayını artırdıq. Onun gəlişi bizim üçün böyük addım oldu. Tez-tez iş yerini dəyişməyi xoşlamayan adamdı. Lakin bu istək qarşılıqlı oldu. Həm biz onunla, həm də Sənan PFL-də çalışmaq istədi. Bu gün də əməkdaşlığımız mükəmməl səviyyədə davam edir. Zaur Hacı-Məhərrəmovu da futbol ictimaiyyətinə tanıtmağa ehtiyac yoxdu. Uzun illər AFFA-da fərqli vəzifələrdə işləyib. Qadın futboluna rəhbərlik edib, Uşaq və Gənclər Departamentində çalışıb. Bundan əlavə, Bakıda keçirilən bütün beynəlxalq yarışlarda iş başında olan şəxslərdən olub. Son olaraq AFFA-nın “oyun əməliyyatları” sisteminə rəhbərlik edib. Belə təcrübəyə malik şəxsin PFL-ə gəlişi bizə ancaq xeyir verə bilərdi. Bundan əlavə, mən onunla uzun zamandı ki, dostluq edirəm. Toyumda iştirak edib. Bunu nəyə görə deyirəm. Çünki münasibətlərimiz həqiqətən də yüksək səviyyədə olub. Bu iki şəxslə əvvəlcədən münasibətimizin olması iş prosesinə yüksək səviyyədə təsir etdi. Bu məqam onların uyğunlaşmasını tezləşdirdi. Bu, çox əhəmiyyətli idi. Aslan Şahgəldiyevin təqdimata ehtiyacı yoxdu - PFL-in qurulmasında müstəsna əməyi olan şəxslərdəndi. Bu gün də bizə yol göstərir.
“Bu o demək deyil ki, kim müraciət edirsə, mütləq dəyişməliyik”
- 2022/23 mövsümündə hansı məqamlar PFL-ə çətinlik yaratdı?
- Çətinlik deməzdim. Qəzetçilikdən çıxan adam kimi deyə bilərəm ki, hər işin çətinliyi var. Qəzetçiliyin, futbolun, idmanın öz spesifikası, incəlikləri var. Düşünmürəm ki, PFL olaraq, hansısa çətinlik yaşadıq. Təbii ki, gərgin günlərimiz oldu. Bilirsiz, bizdə şənbə və bazar günləri yoxdu. Bütün gün stadionlarda və ofisdəyik. Elə gün oldu ki, səhər 9-dan axşam 12-yə kimi işlədik. Amma bunu sevərək etdik. Çünki PFL-də çalışanların hamısında həm işinə sevgi, həm də beyin rahatlığı var. O baxımdan ki, bizdə səhər 9-da gəlib, 6-da işini mütləq yekunlaşdırmaq prinsipi yoxdu. Bütün layihələrimizi təhvil verməliyik. Çünki premyer-liqanın, 1-ci divizionun, kubokun təşkilatçısıyıq, insanlarla müntəzəm əlaqədəyik. Onların problemlərini dinləyirik, işlərini həll etməyə çalışırıq. Bunları nəzərə alıb deyə bilərəm ki, çətinlik yaşamadıq. Güclü komandayıq. Bunun sayəsində hər işin öhdəsindən gəlməyə çalışırıq.
- Deyəsən, təqvim dəyişikliyinə görə yaşanan çətinlikləri unutduz. Məsələn, “Formula-1”ə və basketbol yarışlarına görə oyunları başqa vaxta keçirdiz...
- Məncə, daha çox dəyişiklik oldu. Bəli, “Formula-1” və basketbol yarışlarına görə də oyunlar başqa vaxtlarda keçirildi. Biz mövsümün əvvəlində püşkatma olarkən, həm də klublarla danışıqlarımızda bildiririk ki, əsas prioritetlərdən biri açıqlanan təqvimin dəyişməməsidi. Lakin bəzən fors-major hallar olur. Bu səbəbdən də PFL əsasnamənin tələblərinə uyğun özü bununla bağlı qərarlar verə bilir. Sadəcə, bir məqam var. Avrokuboklarda iştirak edən komanda təqvim çərçivəsində oyun gününün dəyişməsi ilə bağlı müraciət edə bilər. Amma digər tərəfin razılığı olmalıdı.
- Məsələn, “Turan Tovuz” – “Qarabağ” oyununun vaxtı da dəyişdi...
- Təkcə o deyildi. “Qarabağ” “Qəbələ” ilə matçının da vaxtının dəyişdirilməsi üçün müraciət etmişdi. Elə məqamlar var ki, mətbuata çıxmayıb. Bunları öz aramızda həll etmişdik. Məsələn, “Qarabağ” Konfrans Liqasının pley-off oyunundan öncə “Qəbələ” ilə matçın təxirə salınmasını istəmişdi. Amma dəyişiklik etmədik. 1-ci turda “Şamaxı” – “Neftçi” matçının təxirə salınması gündəmdə idi. Yenə də dəyişiklik etmədik. Belə məqamlar oldu. Bu o demək deyil ki, kim müraciət edirsə, mütləq dəyişməliyik. Sadəcə, elə məqamlar var ki, biz orda dövlət maraqlarını da düşünürük. Digər yarışları da nəzərə almalıyıq. Məsələn, “Formula-1” üzrə Bakı “Qran-pri”si beynəlxalq yarışdı. Təhlükəsizlik tələbləri baxımından bizim üçün önəmli idi. Bu səbəbdən də dəyişiklik etdik. Eyni zamanda basketbol turniri də bu idman növündə keçirilən azsaylı yarışlardan biri idi. Düşündük ki, onlara da yardım edək. Bu məqamda “CBC Sport”un da maraqlarını nəzərə aldıq. Telekanalla görüşlərdə dəfələrlə vurğuladılar ki, bizim üçün əsas prioritet Misli premyer-liqasının yayınıdı. Həqiqətən də bunu işləri ilə göstəriblər. Bu mövsüm oyunların 99 faizi həmin kanalda nümayiş olunub. Düzdü, bəzən eyni günə və saata düşən qarşılaşmalardan biri PFL-in “yutub” kanalı vasitəsi ilə yayınlandı.
“Əsas məqsədimiz görüşlərin şənbə və bazar keçirilməsi olacaq”
- Oyunların günorta saatlarına salınması da problem yaradan məqamlardandı. Düzdü, burda əsas məqamə stadionlarda işıqlandırma sisteminin olmamasıdı. Bilirik ki, Tovuzda bu problem aradan qaldırılır. Qarşıdakı mövsümdə bu məsələnin həlli istiqamətində hansısa addım atılacaq?
- Əsas istəyimiz budu ki, görüşlər şənbə və bazar keçirilsin. Bu, təkcə bizdən asılı deyil. Çempionatın yayınçısından və bu məsələlərlə birbaşa əlaqəsi olan proseslərdən asılıdı. Son mövsümdə çalışdıq ki, mümkün qədər həftəiçinə oyun salmayaq. Hətta mən sizə siyahı da təqdim edə bilərəm. Ora baxanda görərsiz ki, Misli premyer-liqası həftəiçi keçirilən oyunlara görə başqa çempionatlardan geri qalır. Lakin bu, 10 komandalı, 36 turdan ibarət çempionatın qaçılmaz hissələrindən biridi. Bəzən kuboka, bəzən də avrokuboklara görə rotasiya etməli olursan. Lakin yenə də əsas məqsədimiz görüşlərin şənbə və bazar keçirilməsi olacaq. İnfrastrukturla bağlı bütün klubların nümayəndələri ilə görüşlərimiz oldu. Bu məqam bizim üçün prioritetdi. İnfrastruktura təkcə premyer-liqada önəm vermirik. Bu, diviziona aiddi. PFL infrastrukturun üzərində çox dayanacaq. Bakıdakı bir stadionda 2 komanda oynasın, çalışarıq ki, bu məqamı yoluna qoyaq. Amma həmin arena normal vəziyyətdə olsun. Şəraiti olmayan stadionlara futbolçuları salmaq istəmirik. Olmaz! Məsələn, “Kapital Bank Arena”nın ikinci meydanında problem var idi. Divizion oyunları, adətən, orda keçirildi. Oyunçular narazı idi. Biz bu məsələnin üzərində durduq. “Sumqayıt” da sağ olsun, bu məsələdə kömək göstərdi. Ot örtüyünü dəyişdik. İndi hamı deyir ki, qazonu dəyişdiyiniz üçün təşəkkür edirik. Belə məqamlar bizim üçün önəmlidi. Təbii ki, ot örtüyü ilə bağlı əsas istəyimiz təbii olmasıdı. Lakin növündən asılı olmayaraq, şəraitinin yaxşı olması vacibdi. İşıqlandırma ilə bağlı müəyyən tövsiyələr var. Lakin bilirik ki, bunun üçün maliyyə lazımdı. Bəli, “Turan Tovuz” bu il yaxşı işlər görür. Növbəti mövsümdən oyunlarını projektorla başlayacaqlar. Premyer-liqa görüşlərinin işıqlandırma sistemi olan stadionlarda keçirilməsini arzulayırıq. Ola bilər ki, biz bunu növbəti mövsüm 80 faiz bacaraq. Növbəti mövsümlərdə də həmin 20 faizlik problemi yoluna qoyaq.
- Razılaşarsız ki, bu mövsüm Gəncə stadionunda oyunların keçirilməsinə icazə verdiyinizə görə daha çox tənqid olunduz. Belə texniki məsələlərə də siz nəzarət edirsiz. Bu çətinliklərə necə sinə gəldiz?
- Eh… (dərindən ah çəkir) Bu sualı verəndə “Kəpəz”lə bağlı məqamlar gözümün qarşısından lent kimi keçdi. Bilirsiz ki, birinci mərhələdə orda oyunların keçirilməsinə razı olmadıq. İlk görüşlərinə “Dalğa Arena”da çıxdılar. Daha sonra Qəbələdə oynadılar. Müvafiq dövlət qurumları Gəncə stadionuna baxış keçirməyimizə icazə verdi. Çox rahat deyə bilərdik ki, burda oynamayın! Elxan Səmədov hər klubun öz evində oynamasının tərəfdarıdı. Komandanın çıxış etdiyi məkanla mənəvi bağlılığı olmalıdı. Təbii ki, “Kəpəz”in öz oyunlarını “Dalğa Arena”da və ya Qəbələdə keçirməsi bizim üçün yaxşı hal deyil. Bəli, infrastruktur məsələləri baxımından tənqid olunmağımız normal idi. Sadəcə, orda minimal şərtlərlə premyer-liqa oyunlarının keçirilməsinə icazə verdik. İlk mərhələdən “Kəpəz”in Gəncədə oynamasına icazə versəydik, bu təndiqləri normal qarşılayardım, deyərdim ki, həqiqətən səhv etmişik. Sonra texniki zonalar, media və paltardəyişmə otaqları ilə bağlı dəyişiklik etdilər. Normala yaxın səviyyəyə çatdırdılar. Buna baxmayaraq, təndiqləri normal qarşılayıram. Bəli, arzuolunan deyil ki, 2023-də belə tribunası, paltardəyişmə otağı olan stadionda premyer-liqa oyunları keçirilsin. Amma çox ümidliyəm ki, yaxın gələcəkdə “Kəpəz”də hər şey qaydasında olacaq. Çünki orda baza tikilir. Gördüyüm qədər məkanın bir hissəsi paltardəyişmə, digər hissəsi isə oyunun təşkili ilə bağlı ayrılacaq. Bazada 2 əlavə stadion istifadəyə verilir, əsas meydanın ot örtüyü də yaxşılaşdırılır. Tribunanı nəzərə almasaq, yaxın gələcəkdə hər şey qaydasında olacaq.
(davamı olacaq)
İLKİN SULTANLI
Elgiz Abbasov: “Kəpəz”ə çox rahat şəkildə “Gəncədə oynamayın” deyə bilərdik” - MÜSAHİBƏ
Premyer-liqa / Manşet / Müsahibə





