İsrail Futbol Federasiyasının (İFF) İntizam Komitəsi “Beytar”a sanksiya tətbiq edib. Qüds klubu Konfrans Liqasında iştirak hüququndan məhrum olunub.
"Football-plus.az" xəbər verir ki, “Beytar” ölkə kubokunun finalından sonra baş verən insidentə görə cəzalandırılıb.
Komanda finalda “Makkabi”yə (Netanya) 3:0 hesabıyla qalib gəlib. Matç başa çatandan sonra qüdslü azarkeşlər meydana çıxaraq mükafatlandırma mərasimini pozublar, təhlükəsizlik işçiləri isə İsrailin prezidenti İsaak Hertsoqu təcili stadiondan təxliyə etməli olublar. “Beytar” Konfrans Liqasının seçmə mərhələsində iştirakdan kənarlaşdırılmaqla yanaşı, 20 min dollar məbləğində cərimə olunub. Sanksiyalar bununla da bitmir: komanda İsrail çempionatının 2023/24 mövsümünə 3 xallıq cəza ilə başlayacaq və məlum hadisə təkrarlanacağı halda klubun ölkə kubokunda qazandığı titul ləğv ediləcək.
“Beytar” rəhbərliyi İFF-nin Ali Arbitraj Şurasına apellyasiya şikayəti vermək qərarına gəlib. Komandanın azarkeşləri isə federasiyanı AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 19-da “Teddi” stadionunda keçiriləcək İsrail - Andorra matçında insident törətməklə hədələyiblər.