Milli komandanın sabiq baş məşqçisi Robert Prosineçki maraqlı açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, xorvatiyalı mütəxəssis heç bir inkişaf görmədiyini deyib:
“Azərbaycanda keçirdiyim 3 il maraqlı təcrübə oldu. Yalnız oyuna 2 həftə qalmış Azərbaycana gedən sələflərimdən fərqli mən ailəmlə birgə orda yaşayırdım. Biz yaxşı oyun nümayiş etdirməklə Norveçə qalib gəldik, Xorvatiya və Çexiya ilə heç-heçə etdik. Amma 3 il sonra gördüm ki, Azərbaycan millisində inkişaf yoxdu”.
Onun söylədiklərinə vaxtilə rəhbərliyi altında oynayan Elvin Məmmədovun fikirlərini öyrəndik:
"İllər sonra Prosineçkinin durub belə açıqlama verməsi heç də yaxşı hal deyil. Guya bizdən sonra çalışdığı yerlərdə hansı uğur qazanıb? Bəlkə "Real" və başqa məşhur klublar ilə Çempionlar Liqasını qazanıb, xəbərimiz yoxdu? İstənilən komandanın, o cümlədən də yığmanın sərgilədiyi oyuna və nəticələrinə birbaşa cavabdeh baş məşqçidi. O, hansı taktika, düzlüş, fəlsəfə ilə bizə nə aşılayıbsa, nəticə də elə olub. Sözümün canı odu ki, baş məşqçidən hər şey olmasa da, çox şey asılıdı. Türklər demiş, sənin “kapasiten" budu ki, rəhbərlik etdiyin komandanı inkişafa apara bilməmisən. Dərindən yanaşanda günah Prosnieçkidə yox, onun kimi nəticə göstərməyən məşqçiləri yığmamızın “sükanı arxasına” gətirənlərdədi.
ABDULLA İSMAYILOĞLU