Milli komandanın sabiq baş məşqçisi Robert Prosineçki maraqlı açıqlama verib.
Xorvatiyalı mütəxəssis heç bir inkişaf görmədiyini deyib:
“Azərbaycanda keçirdiyim 3 il maraqlı təcrübə oldu. Yalnız oyuna 2 həftə qalmış Azərbaycana gedən sələflərimdən fərqli mən ailəmlə birgə orda yaşayırdım. Biz yaxşı oyun nümayiş etdirməklə Norveçə qalib gəldik, Xorvatiya və Çexiya ilə heç-heçə etdik. Amma 3 il sonra gördüm ki, Azərbaycan millisində inkişaf yoxdu”.
Onun söylədiklərinə vaxtilə rəhbərliyi altında oynayan Rahid Əmirquliyevin fikirlərini öyrəndik:
"Prosineçkinin rəhbərliyi altında mən də çıxış etmişəm. Bacardığımız qədər də milliyə faydalı olmağa çalışmışıq. Əsas məqsədimiz mübariz futbol sərgiləməklə maksimum çox xal toplamaq idi. Xorvat mütəxəssis həmişə "baxımlı futbol sərgiləyin, hücumda yaradıcı olun, rəqibdən çəkinməyin" deyərdi. Səhv etmirəmsə yığmamızın seçmə mərhələdə ən yaxşı göstəricisi onun vaxtında olub. Prosnieçkinin müsahibəsini mən də oxumuşam. “İnkişaf yoxdu” deməsinə iki cür yanaşmaq olar. Bütünlükdə ölkə futbolunu nəzərdə tutursa, düz demir. Çünki son vaxtlar elita klublarının səviyyəsi, strukturu, bazaları, maliyyə durumu və başqa məsələlərdə inkişaf var. Akademiyalar yaradılıb, uşaq futbolunda da işlər görülür. Yox, yığmamızın ondan sonrakı nəticələrini nəzərdə tutursa, acı olsa da, reallıqları deyib. Həqiqətən də son illərdə ölkənin əsas komandasının nəticələri ürəkaçan deyil. Amma inanıram ki, yaxın gələcəkdə daha yaxşı çıxış edəcəyik".
ABDULLA İSMAYILOĞLU