Rahid Əmirquliyev: “Guya bilmirdi ki, bundan sonra Qaranın boyu uzanmayacaq?" - AÇIQLAMA

30.09.2022 17:08 582
Ölkə futbolu / Manşet
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin milli komandaya dəvət olunmaması müzakirə mövzusudu. Bununla bağlı yığmanın baş məşqçisi Canni de Byaziyə mətbuat konfransında sual da ünvanlandı.

İtaliyalı mütəxəssis isə cavabında Qaranın bunun səbəbini bildiyini dedi. Bundan sonra bütün diqqətlər futbolçuya yönəldi. O da öz növbəsində boyuna görə milliyə çağrılmadığını bildirdi.
Maraqlıdı, futbolçunun bəstəboy olması milli komandaya çağrılmamasına səbəb ola bilər? Qarayevin oynadığı mövqedə ucaboya ehtiyac var? Bununla bağlı vaxtilə millidə dayaq yarımmüdafiəçisi kimi çıxış edən Rahid Əmirquliyevə müraciət etdik:

“Qara “Qarabağ”ın heyətində Avropa Liqasında, Çempionlar Liqasında oynayıb. Necə çıxış etdiyi də hamıya məlumdu. Düzdü, hər məşqçinin öz fikri var, amma boya görə hansısa futbolçunu milliyə dəvət etməmək düzgün deyil. Qara avrokuboklarda yetərincə təcrübə yığıb, Azərbaycanın ən yaxşı yarımmüdafiəçilərindəndi. Bu üzdən boya görə dəvət olunmaması absurd fikirdi. Bəs indiyə kimi niyə çağırırdı? De Byazi guya bilmirdi ki, bundan sonra Qaranın boyu uzanmayacaq? Dayaq yarımmüdafiəsi mövqeyində də boyun heç bir önəmi yoxdu. Qara milliyə tam layiq oyunçudu, indiyə kimi də dəvət alırdı. Məncə, boy məsələsi bəhanədi”.


ŞAİR ABDULLA