Son mövsümdə bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, elitada qalmağı bacaran “Kəpəz”, deyəsən, yeni mövsümdə də eyni aqibəti yaşayacaq. Komanda hazırda istirahətdə olsa da, geridə qoyduğumuz “futbol ili”ndə özünü yaxşı tərəfdən göstərməyi bacaran oyunçulardan bəziləri artıq premyer-liqanın başqa klubları ilə ortaq məxərəcə gəlib.
Yusif Nəbiyevin “Səbail”lə müqavilə bağladığı dəqiqləşib. Fərid Nəbiyevin də yolüstdə olduğu, yaxın günlərdə “Turan Tovuz”la anlaşacağı gözlənilir. Qış fasiləsində komandaya qoşulan hücumçu Salif Sisse və qapıçısı Mario Mustapiç də artıq “sarı-göylər”dən ayrılıb. “Kəpəz”in digər qolkiperi Orxan Sadıqlı isə növbəti mvsümdən etbarən “Sumqayıt”ın uğurları üçün tər tökəcək. Bir sözlə, Tərlan Əhmədovun komandasında mövsümlərarası fasilədə böyük dəyişikliklər olacaq. Baş məşqçidən söz düşmüşkən, Əhmədovun taleyinə də hələ aydınlıq gəlməyib. Onun “Kəpəz”in “sükanı arxasında” qalıb-qalmayacağı müəyyənləşməyib.
"Football-plus.az" olaraq Gəncə klubunda yaşananlara aydınlıq gətirmək üçün klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı. Tərlan bəyi də tapmaq mümkün olmadığından sonda “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxlamalı olduq:
“İlqar müəllimlə iki gün əvvəl danışmışam. Bildirdi ki, həftənin sonuna kimi bəzi suallara aydınlıq gələcək. Tərlan Əhmədovun məsələsinə gəlincə, bu yöndə də yenilik yoxdu”.
Ötən saylarımızın birində Azad bəyə istinadla Gəncə Futbol Akademiyasının iyunda təhvil veriləcəyini xəbər vermişdik. Artıq iyunun ilk həftəsi başa çatmaq üzrədi. Görəsən, akademiyada vəziyyət necədi? Mustafayev bu məsələyə belə münasibət bildirdi:
“Təmir işləri artıq başa çatıb. Yaxın günlərdə inzibati bina mebellə təchiz olunacaq. Akademiya ilə bağlı başqa yenilik yoxdu”.
Bildiyiniz kimi, “Kəpəz” ötən mövsümün ilk turlarında stadionun bəzi tribunalarının qəzalı olması, son dövrədə isə ot örtüyünün sıradan çıxması səbəbindən ev oyunlarını Gəncədən kənarda, daha dəqiq desək, Qəbələdə keçirmək məcburiyyətində qaldı. İndi durum necədi? Azad bəyin sualımıza reaksiya belə oldu:
“Ot örtüyü tədricən normal vəziyyətə düşür. Mayda səpilən toxum cücərib. Son vaxtlar Gəncədə havaların yağışlı keçməsi səbəbindən qazon hələ istədiymiz duruma gəlməyib. İndi ota daha çox günəş şüası lazımdı. Təxminən bir aydan sonra ot örtüyünün ideal vəziyyətdə olacağına inanırıq. O ki qaldı qəzalı tribunalara, təəssüf ki, bu məsələdə bir yenilik yoxdu. Ötən il necə idisə, elə də qalıb”.
RƏŞAD