Futzalımızın flaqmanı "Araz-Naxçıvan" baş məşqçi Joze Alesio ilə yolları ayırıb. Onun postuna isə klubun və yığmanın sabiq üzvü Vitali Borisov gətirilib.
"Football-plus.az" olaraq bu dəyişikliklə bağlı "Araz-Naxçıvan"ın üzvü Xətai Bağırovun fikrini öyrəndik:
"Alesio getdi. Onun haqda qısaca “pis məşqçi deyildi” deyərdim. Hazırda komandada yeni səhifə açılır. Bu Vitali Borisovlu "Araz-Naxçıvan" səhifəsidi. Vitaliylə birgə çıxış etmişəm, futbolçu kimi onun bacarığına hamı yaxşı bələddi. Çoxları deyirdi ki, yığmada yerli mütəxəssis olsun. Hazırda özünü göstərmək üçün yaxşı şəraitdi. Sabiq komanda yoldaşımın məşqçiliyi haqda hazırda nəsə deyə bilmərəm. Amma bir onu bilirəm ki, həm ölkədə, həm də xaricdə daha yaxşı nəticələr göstərmək istəyiriksə, bütün komandamız bundan sonra daha əzmlə və istəklə əlindən gələni etməlidi. İnanıram ki, Vitalinin "Araz-Naxçıvan"ın “sükanı arxasına” keçməsi həm özü, həm də bizin üçün düşərli olacaq".
ABDULLA İSMAYILOĞLU