Basketbol üzrə klub səviyyəli 2-ci turnir olan Avrokubokun qalibi “Qran-Kanariya” (finalda “Terk Telekom”u 71:67 hesabıyla məğlub edib) Avroliqanın 2023/24 mövsümündə iştirakdan imtinanı ciddi şəkildə müzakirə edir.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun narahatlığı Avroliqanın 34 oyundan ibarət müntəzəm çempionatında yüksək səviyyəli rəqiblərin gərgin qrafiklə mübarizə aparmasının şərtləndirdiyi maliyyə, logistika və idman çətinlikləri ilə bağlığıdı.
“Qran-Kanariya” Avroliqada sonuncu dəfə çıxış etdiyi 2018/19 mövsümündə 30 oyunun yalnız səkkizində qələbə qazanmaqla 16 komanda arasında 14-cü yeri tutmuşdu. Eyni zamanda İspaniya çempionatında da 12-ci olmaqla pley-offa vəsiqə qazana bilməmişdi.
“Qran-Kanariya” hələ ki iştirakdan imtina ilə bağlı rəsmi qərar verməyib. Avroliqanın yeni mövsüm üçün iştirakçılarının yekun siyahısı turnirin Baş Assambleyasının iyulda keçiriləcək iclasında təsdiqlənəcək.