Ötən həftəsonu Türkiyədə prezident seçkisi keçirildiyindən 34-cü tur həftəiçi oynanılır.
Tura çərşənbə axşamı baş tutan 3 oyunla start verildi. Zəif mövsüm keçirən “Sivasspor” evdə “Kasımpaşa”ya uduzmaqla ardıcıl 3-cü turu xalsız başa vurdu. Rza Çalımbayın komandası uduzmaq bir yana, üç əsas oyunçusunu da itirdi. Cəzalı duruma düşən Ulvestad, Qutas və Ərdoğam Yeşilyurt şənbə günü “Qalatasaray”la oyunu buraxmalı olacaq. Meydan sahibləri üçün yeganə təsəlli 2006-cı il təvəllüdlü Əmrə Gökayın ilk superliqa matçında qol vurması oldu.
Həmyerlimiz Mahir Emrelinin start heyətində oynadığı matçda “Konyaspor” gözlənilmədən səfərdə “Alanyaspor”u darmadağın etdi. Qollarda yaxından iştirak etməyən yığmamızım üzvü 64 dəqiqə meydanda qaldı. Mövsümün sonuna yaxın yüksəlişdə olan Konya təmsilçisi son 4 turda 3-cü qələbəsini qazandı.
Günün əsas oyunu “Rəcəp Tayyib Ərdoğan”da keçirildi. Aşağı pillələrdə qərarlaşmasına baxmayaraq, aprelin əvvəllərindən bəri uduzmayan və son 15 mümkün xaldan 11-ni qazanan “İstanbulspor” lider “Qalatasaray”ı da büdrətmək istəyirdi. İlk hissənin ən yaddaqalan anı Raşitsanın zərbəsinin dirəkdən dönməsi və künc zərbəsi zamanı Nelssonun rəqib oyunçu ilə baş-başa toqquşması oldu. Danimarkalı müdafiəçi başı sarğılı şəkildə oyunu sona qədər davam etdirdi. Matçdan sonra isə onun sağ qaşına 15 tikiş qoyuldu! İlk yarı qolsuz bitmək üzrə olarkən Raşitsaya qarşı kobudluqdan sonra hakim VAR-ın da müdaxiləsi ilə penalti təyin etdi. Bu mövsüm artıq 3 dəfə penaltini boşa verən İkardi bu dəfə səhvə yol vermədi.
Fatih Təkkənin komandası fasilədən sonra nə qədər çalışsa da, “Fənərbaxça” ilə oyundakı (3:3) qəhrəmanlığını təkrarlaya bilmədi. Matçın son anlarında Kərəmin ötürməsindən sonra dublunu rəsmiləşdirən İkardi həm də yekun nəticəni müəyyənləşdirdi. Onu da bildirək ki, qonaqlar son 20 dəqiqəni azlıqda keçirdilər. 69-cu dəqiqədə meydana çıxan Zanyolo 6 dəqiqə sonra sərt oyuna görə birbaşa qırmızı vərəqə aldı. Beləliklə, daha bir mühüm maneəni dəf edən Okan Burukun komandası artıq şənbə günü “Sivasspor”la ev oyununda çempionluğu rəsmiləşdirə bilər. Amma bunun üçün “Fənərbaxça” bu gün “Trabzonspor”la görüşdə xal itirməlidi. Zatən Əli Koçun başqanlığı dönəmində əlinə düşən fürsətləri geri çevirməklə və rəqiblərini sevindirməklə məşğul olan “Fənər”in bu dəfə də “ənənəsinə sadiq qalması” sürpiz olmayacaq...
34-cü tur
İstanbulspor – Qalatasaray 0:2
İkardi, 45+11-p.; 89.
Qalatasaray: Muslera, Dyubua (Kaan Ayhan, 79), Nelsson, Əbdülkərim Bardakcı, Kazımcan Karataş, Oliveyra (Midtşö, 46), Torreyra, Mertens (Barış Alpər Yılmaz, 79), Raşitsa (Zanyolo, 69), Kərəm Aktürkoğlu (Berkan Kutlu, 90), İkardi.
Alanyaspor – Konyaspor 0:3
Potsuelo, 15; 74. Sonər Dikmən, 54.
Konyaspor: Şehiç, Cebrail Karayel, Adil Dəmirbağ, Kalvo, Gilyerme, Sonər Dikmən, Buxalakis, Mixalak (Muriç, 82), Potsuelo (Oğulcan Ülgün, 82), Moreno (Mehmet Büyüksayar, 82), Mahir Emreli (Diuf, 64).
Faktlar
* “Sivasspor” bu mövsüm superliqada öz meydanında keçirdiyi 16-cı oyunda 6-cı dəfə məğlub oldu. Rza Çalımbay ümumilikdə komandanın başında 7-ci mövsümünü keçirir. Sivaslılar daha öncə onun dönəmində heç vaxt evdə bir mövsümün gedişində bu qədər məğlubiyyət yaşamamışdılar.
* İkardi ilə Kərəm Aktürkoğlu artıq bir-birinə ümumilikdə 6 məhsuldar ötürmə verib (hərəsi bir-birinə 3 məhsuldar ötürmə verib). Bu duet bu göstəricidə mövsümün lideridi.
* “Qalatasaray” rəqibin cərimə meydançasında 51 dəfə topla oynadı. Bu, müvafiq statistikanın aparılmağa başlandığı 2014/15 mövsümündən bəri “Cim-Bom”un səfər matçı üçün ən yaxşı göstəricisidi.
* “Qalatasaray” bu mövsüm superliqada 16-cı səfər oyununda 10-cu dəfə qapısını toxunulımaz saxladı. Bu, 2011/12-dən (12) bu yana komandanın ən yaxşı göstəricisidi.
* “Qalatasaray” “İstanbulspor”a qarşı keçirdiyi son 11-ci superliqa matçında 9-cu qələbəsini qazandı (1 heç-heçə, 1 məğlubiyyət). “Aslan” bu 9 oyunda 29 qol vurub.
* Zanyolo “Qalatasaray”ın son 10 ildə sonradan meydana çıxdığı superliqa matçında birbaşa qırmızı vərəqə alan ilk futbolçusu oldu. Sonuncu dəfə bu aqibətlə 2013-ün mayında “Fənərbaxça” ilə oyunda Səbri Sarıoğlu üzləşmişdi.
* “Qalatasaray”ın bu mövsüm hamıdan çox – 20 zərbəsi tirdən və ya dirəkdən dönüb.