Poqba üçün növbəti bəxtsizlik

17.05.2023 17:26 224
Dünya futbolu
Bu mövsüm Pol Poqbanın bəxti heç gətirmədi. O, növbəti dəfə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Yuventus”un futbolçusu A seriyasının “Kremoneze” ilə matçının (2:0) 24-cü dəqiqəsində zədələnib.

30 yaşlı yarımmüdafiəçi sol budundan aldığı xəsarətə görə oyuna davam edə bilməyib. Artıq göz yaşlarını saxlaya bilməyən Poqbanın bu mövsüm bir daha meydana çıxmayacağı bildirilib. Qeyd edək ki, Poqba 2022-ci ilin yayında aldığı zədə üzündən uzun müddət müalicə almış və apreldə yaşıl meydana qayıtmışdı. Fransa yığmasının oyunçusu bu səbəbdən A seriyasının cari mövsümündə yalnız 6 oyun keçirə bilib.

Baş məşqçi Massimiliano Alleqri onun növbəti dəfə zədələnməsinə belə münasibət bildirib:

“Hamımız məyusuq. O, son vaxtlar özünü yaxşı hiss edirdi. Məyusedici hadisədi, çünki Pol zədəsini sağaltmaq üçün uzun müddət gözləməli olub və qurbanlar verib. İndi isə yenidən sıradan çıxıb. Pol heç də gənc oğlan deyil, onun bu zədəni də arxada qoyacağını düşünürəm. Əlbəttə, təxminən bir il oynamadığı üçün yenidən zədələnmək riski var idi. Çox məyusuq, amma onu yenidən meydanda gözləyəcəyik”.