Srağagün yarımfinalın ilk oyununda “Frayburq” “Leyptsiq”i qəbul etdi. Bu komandalar son dönəmlərdə prinsipial rəqibə çevrildiyindən oyuna maraq böyük idi. Yarımfinala gələnə qədər heç bir oyunda 87-ci (!) dəqiqəyə qədər hesabda öndə olmayan “Frayburq” ötən mərhələdə “Bavariya”nı mübarizədən kənarlaşdırmışdı. “Leyptsiq” isə Dortmund “Borussiya”sını yenməsi və əvvəlki mərhələlərdə qol buraxmaması ilə diqqəti çəkirdi. Bu kollektivlər həm də ötən mövsümkü finalda üz-üzə gəlmişdilər. “Frayburq” 118 illik tarixində ilk ciddi titulunu qazanmağa yaxın olsa da, həmin vaxt “öküzlər” penalty seriyasında üstün olmuşdular. Elə bundesliqada da bu komandalar ÇL-ə vəsiqə uğrunda gərgin mübarizə aparır.
Bütün bunları və “Frayburq”un meydana qisas hissi ilə çıxdığını nəzərə alsaq, yekun nəticəni sürpriz adlandırmaq olar. Çünki Kristian Ştrayxın kollektivi möhtəşəm azarkeş dəstəyinə malik olmasına baxmayaraq, çox aciz təsir bağışladı. Qonaqlar artıq ilk yarıda rəqibi meydandan silib-süpürərək intriqanı öldürdülər. “Frayburq”un başına oyun açan futbolçu isə Olmo oldu. İspaniyalı yarımmüdafiəçi 1 qol, 3 məhsuldar ötürmə ilə komandasının ilk yarıda vurduğu 4 qolun hamısında yaxından iştirak etdi. İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləndi. “Leyptsiq” üçün yeganə qanqaraldıcı məqam Qvardiolun 58-ci dəqiqədə qırmızı vərəqə alması oldu. Komandanın aparıcı müdafiəçilərindən sayılan xorvatiyalı iyunun 3-də “Olimpiyaştadion”da baş tutacaq finalı buraxmalı olacaq. Beləliklə, “Leyptsiq” ardıcıl 3-cü, son 5 ildə 4-cü dəfə adını finala yazdırdı. Bu komandalar həftəsonu bundesliqada yenə eyni məkanda üz-üzə gələcək.
yarımfinal
Frayburq – Leyptsiq 1:5
Qreqoritş, 75 – Olmo, 13. Henrixs, 14. Soboslai, 36; 90+7-p. Nkunku, 45+1.
Frayburq: Flekken, Kübler, Ginter, Linhart, Sildilliya (Qrifo, 20), Eqqeştayn (Keytel, 46), Höfler, Günter (Vayshaupt, 79), Doan (Şallai, 46), Höler (Petersen, 76), Qreqoritş.
Leyptsiq: Blasvix, Henrixs, Orban, Qvardiol, Halstenberq (Raum, 61), Laymer (Diallo, 87), Aydara, Soboslai, Nkunku (Simakan, 61), Verner (Poulsen, 79), Olmo (Klostermann, 61).
Kristian Ştrayx, “Frayburq”un baş məşqçisi:
“Əlavə sözə ehtiyac yoxdu. Özünüz hər şeyi gördüz. “Leyptsiq” bütün oyun komponentlərində bizi bir baş üstələdi. Oyunçularım kimi mən də çox üzgünəm. Çünki bu oyunla bağlı böyük planlarımız, arzularımız var idi. Amma rəqib bizə heç bir şans vermədi. “Leyptsiq” bundesliqada da belə oynasa, ÇL-ə vəsiqə qazanmağımız da çətin olacaq”.
Marko Roze, “Leyptsiq”in baş məşqçisi:
“Mövsümün bizim üçün çətin keçdiyini nəzərə alsaq, kubokun finalına yüksəlmək çox vacib idi. Düzdü, “Leyptsiq” bu turnirin son qalibidi və fanatlara daha bir final adi hal kimi görünə bilər. Amma kubokun finalına yüksəlmək heç vaxt sıradan bir olay sayıla bilməz! Həm də bu, mənim məşqçi karyeramda ilk final olacaq. Ona görə də çox ciddi hazırlaşacağıq. Bu gün son zərbələrdə çox inamlı və soyuqqanlı idik. Kubokdakı performansımızı nə üçün bundesliqada sərgiləyə bilmirik? Hər həftə, hər oyuna eyni motivasiya və konsentrasiya ilə çıxmaq mümkün deyil. Amma bu, sualın tam cavabı deyil. Dəqiq cavabı mən özüm də bilmirəm”.





