Görüşü Prezident İlham Əliyev də canlı izlədi. Ölkə başçısı hər iki klubun rəhbərliyinə növbəti matçın Qarabağda təşkil edilməsi ilə bağlı təlimat verib. Bu məlumatı mediaya açıqlamasında “Qalatasaray”ın prezidenti Dursun Özbək deyib. Görəsən, Ağdam təmsilçisi bu tapşırıqla bağlı nə düşünür? Klubun mətbuat katibi Gündüz Abbaszadə “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Qarabağ” olaraq bu bizim arzumuzdu. “Qalatasaray”la Qarabağda oyun keçirmək istəyirik. Vaxt uyğun, stadion hazır olsa, “Qarabağ” sevə-sevə, şərəflə Qarabağda “Qalatasaray”la oynamağa hazırdı. Bizim üçün bu, çox böyük fəxr olar. Cənab Prezident İlham Əliyevin də verdiyi tapşırıq bizim üçün önəmlidi, vacibdi”.
İLKİN SULTANLI






