“Boston” cümə günü “Kolambus”u məğlub etməklə Prezident kubokunu qazandı.
"Football-plus.az" xəbər verir ki, bildiyiniz kimi, MHL-də bu kubok müntəzəm çempionatı daha çox xalla bitirən komandaya verilir. Xalını 121-ə çatdıran “Boston” Şərq konfransının turnir cədvəlinə inamla başçılıq edir. Müntəzəm çempionatın sonuna qədər heç bir komanda “Bryuinz”ə çata bilməz. O da maraqlıdı ki, son 10 ildə müntəzəm çempionatın qalibi olan heç bir komanda sonda Stenli kubokunu qazanmayıb. Tarixində 4-cü dəfə Prezident kubokunu qazanan “Boston”un düşərgəsində üzlər gülürsə, “Vaşinqton”da əhval-ruhiyyə yerində deyil. Paytaxt klubu son iki gündə iki dəfə uduzmaqla pley-offa adlamaq şansını minimuma endirdi. Srağagün keçirilən “Aylenders”lə oyunda azarkeşləri maraqlı sürpriz gözləyirdi. Belə ki, “Vaşinqton” rəhbərliyi rusiyalı ulduzu Aleksandr Oveçkinin MHL-də 800-cü qolunu vurduğu qapının torunu azarkeşlərə bağışladı. Qapı toru kiçik hissələrə bölünməklə çərçivəyə salınmışdı. Xatirə hədiyyəsini növbəti mövsüm üçün abonomentin müddətini uzadan azarkeşlər aldı.
Oveçkin 800-cü qolu ötən il dekabrın 14-də keçirilən “Çikaqo” ilə oyunda (7:3) vurub. Hazırda hesabında 822 qol olan 37 yaşlı rusiyalı ulduz bu göstəricidə MHL tarixində 2-ci pillədə qərarlaşıb.