Misli premyer-liqasında 27-ci tura yekun vurulub.
“Football-plus.az” xəbər verir ki, “Qəbələ” “Şamaxı”nı qəbul edib - 2:0. Matçdan sonra qonaqların çalışdırıcısı Vüqar Əsgərlinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Çempionatın sonları yaxınlaşdıqca həyəcan getdikcə artır. Bu matçlarda hər qazanılan xal elitada qalmağımıza çox kömək edəcək. Bizi nə qədər çətin oyun gözlədiyini bilirdik. Təəssüf ki, futbolçular ilk hissədə verdiyimiz tapşırıqları yerinə yetirə bilmədilər. İkinci hissədə isə yaxşı oynadıq. Əsas məqsədimiz premyer-liqada qalmaqdı. İnanıram ki, buna nail olacağıq”.
- Sanki futbolçular son matçlara yaxşı motivasiya ola bilmir. Bu, nə ilə bağlıdı?- Hər oyuna köklənməliyik. Futbolçular da bunu dərk edir. Futboldu, tez qol buraxanda toparlanmaq çətin olur.
- Komanda 1-ci diviziona düşsə, necə olacaq? Rəhbərlik hansı məqsəd qoyub qarşınıza?
- 8 aya yaxındır buradayıq. Çox yaxşı işlər görmüşük. Yerli oyunçuların inkişafı göz qabağındadı. 4-5 futbolçumuz var ki, böyük klublardan təklif alıblar. Əsas məqsəd elitada qalmaq və komanda formalaşdırmaqdı. Yaxşı komanda formalaşdırmağı bacarmışıq. İnanıram ki, premyer-liqada qalacağıq.
- Əli Səmədovun ilk hissədə əvəzlənməsinin səbəbi nə idi?- Bu, sırf zədə ilə bağlı idi. Əvəzetmədən sonra taktikanı dəyişdik və 2 hücumçu ilə oynamağa başladıq.