İngiltərə nəhəngi ''Çelsi'' öz stadionunda iftar yeməyi veriləcəyini açıqlayıb. Klubun rəsmi internet saytında yerləşdirilən xəbərdə qeyd olunub ki, iftar süfrəsi bazar günü martın 26-da ''Stemford Bric''də təşkil olunacaq.
"Football-plus.az" xəbər verir ki, bu layihə insanları bir araya gətirməyi hədəfləyən və bu il yaranışının 10 illik yubileyini qeyd edən ''Ramazan Çadırı Layihəsi'' adlı yardım fondunun dəstəyi ilə həyata keçirilir. İftar süfrəsinə yerli məscidlərin, eləcə də ''Çelsi''nin müsəlman icmasının üzvləri, şagirdlər və klubun öz personalı dəvət olunacaq. Bilindiyi kimi bu il Ramazan ayı martın 22-dən aprelin 21-nə qədər davam edəcək. Bununla da ''Çelsi'' öz stadionunda iftar süfrəsi verən ilk premyer-liqa klubu olacaq. Keçən ilin aprelində yenə də ''Ramazan Çadırı Layihəsi''nin dəstəyi ilə ''Uembli''də iftar süfrəsi təşkil olunmuşdu.