Çempionlar Liqası ən azı 1 il də PSJ üçün əlçatmaz zirvə olaraq qalacaq. Komanda heç cür Avropanın bir nömrəli klub turnirinə sahib ola bilmir.
"Football-plus.az" xəbər verir ki, dünən Paris nəhəngi 1/8 finalın cavab oyununda ''Bavariya''ya 2 cavabsız qolla uduzaraq mübarizəni növbəti dəfə dayandırmalı oldu.
Komanda ilk görüşdə fanatları önündə isə minimal hesabla məğlub olmuşdu. 2011-dən,yəni qətərlilər klubun başına keçdikdən bu yana PSJ 11 cəhdin 5-də mübarizəni 1/8 finalda, 4-də 1/4 finalda, 1-də yarımfinalda dayandırıb. Yalnız bir dəfə - 2020-də finala yüksəlmək mümkün olub ki, onda da ''Bavariya'' səddi keçilməz olub (0:1).
Etiraf edək ki, bu illər ərzində transferlərə 1 milyard avrodan çox pulun xərclənməsi, 7 dünya səviyyəli məşqçinin işləməsi və hətta Lionel Messinin transferi fonunda bu, o qədər də ürəkaçan nəticə deyil. Dünənki oyun PSJ-nin nin ümumilikdə ÇL-də keçirdiyi 137-ci qarşılaşma oldu.
Bu, turniri heç vaxt qazanmayan komandalar arasında ən böyük 2-ci göstəricidi. ÇL-i qazanmayanlar arasında yalnız ''Arsenal'' daha çox (177) oyun keçirib.