Hazırda ''Flamenqo''nu çalışdıran ''Fənərbaxça''nın sabiq baş məşqçisi Vitor Pereyra Braziliyada kuryoz hadisə ilə üzləşib.
Football-plus.az xəbər verir ki, Braziliya çempionatının son turunda ''Flamenqo'' səfərdə ''Botafoqo''nu minimal hesabla məğlub edib. Maraqlıdı ki, Pereyra gecikdiyi üçün komandasının başında meydana çıxa bilməyib! ''Flamenqo''nu meydana Pereyranın köməkçisi Rui Kuinta çıxarıb. Məşqçinin minməli olduğu təyyarə hava limanından vaxtında qalxa bilməyib. Braziliya mətbuatının yazdığına inansaq, buna səbəb paytaxt Rioda karnavalların davam etməsidi. Bu dəfə karnaval bayramına maraq həmişəkindən çox olduğuna görə təyyarələrin uçuş vaxtı dəyişdirilib. Onsuz da işinə görə tənqid olunan portuqaliyalı mütəxəssis bu hadisədən sonra daha da böyük etirazla üzləşib. ''Flamenqo'' onun rəhbərliyi altında hələ də titul qazana bilmir. Yanvarın sonlarında ölkə superkuboku uğrunda oyunda ''Palmeyras''a uduzan ''Flamenqo'' Klublararası DÇ-də də ümidləri doğrultmayaraq yalnız 3-cü yeri tutmuşdu. İndi də ''Flamenqo'' Cənubi Amerika superkubokunu əldən verməyə yaxındı. Libertadores kubokunun son qalibi olan bu kollektiv Suamerikana kubokunun son qalibi ''İndependyente del Valle''yə ilk oyunda səfərdə minimal hesabla boyun əyib. Cavab oyunu martın 1-də keçiriləcək.