Andreas Pereyranın karyerası ilə bağlı məsələyə aydınlıq gəlib: braziliyalı futbolçu “Flamenqo”da qalıb.
26 yaşlı yarımmüdafiəçi artıq bu kluba məxsusdu. Rio de Janeyro klubu onun transfer hüququnu “Mançester Yunayted”dən alıb. Jurnalist Fabritsio Romanonun “tvitter” səhifəsi vasitəsilə verdiyi xəbərdə keçidin məbləğinə aydınlıq gətirilməyib. MY-nin “Flamenqo”nun Pereyranın başqa kluba satışından əldə edəcəyi qazancın 25 faizinə sahib çıxacağı məlumdu. Braziliya klubu onu ötən ilin avqustunda icarəyə götürmüşdü. Bu əməliyyat “Flamenqo”ya 1 milyon avroya başa gəlmişdi.
Andreas MY-nin yetirməsidi. İngiltərə klubuna 2014-cü ildən məxsus olan xavbek müxtəlif vaxtlarda icarə əsasında “Qranada”, “Valensiya” və “Latsio”da da çıxış edib. Onun Braziliya yığmasında 2018-ci ildə bir oyun keçirdiyini də bildirək.