Birinci divizionda ikinci dövrəsi başlayandan "İmişli" uğursuz çıxışla diqqət çəkir.
Komanda ardıcıl 3 oyunda məğlub olub. Ruhid Usubovun komandası hətta bu matçlarda rəqib qapısına yol da tapmayıb. "Football-plus.az saytı olaraq "İmişli"nin baş məşqçisindən uğursuz çıxışla bağlı açıqlama aldıq.
"Hələ ki uğursuzluq zolağındayıq. Vəziyyətdən çıxmağa çalışırıq. Bizə 1 qələbə lazımdı. Bu olsa, komandada özünəinam artacaq. Heyəti gəncləşdirməklə məşğuluq. Onsuz da çempionluq və yüksək hədəflər uğrunda oynamırıq. Əsas məqsədimiz rayonda futbolu yenidən populyarlaşdırmaq və istedadlı uşaqları üzə çıxarmaqdı. Hazırda heyətdə limitə uyğun 8 futbolçu oynadıram. Məğlubiyyətləri sıralasaq da, uşaqlar meydanda döyüşür. Yalnız qol və qələbə çatmır. İstəyirəm gənclərə maksimum şans verməklə həm onların inkişafına təkan verək, həm də komandanın özəyini formalaşdıraq. Hazırkı heyəti qoruya bilsək, növbəti mövsümdə işimizin yaxşı gedəcəyinə ümid edirəm”.
Ruhid Usubov MOİK-lə son oyunda baş hakim Əkbər Əhmədova etiraz edərək sarı vərəqə almasına da münasibət bildirib:
"Adi epizod idi. Hislərimi cilovlaya bilməyib emosional reaksiya verdim. Hakim də haqlı olaraq sarı vərəqə göstərdi. Ümumilikdə referinin idarəçiliyindən narazı qalmadıq. Hər şey qaydasında idi".
ABDULLA İSMAYILOĞLU