“Xəmsə” göstərişlə “istefa” qışqırmır - AÇIQLAMA

17.02.2023 10:31 377
Maraqlı
Misli premyer-liqasında qış fasiləsindən sonra 4 tur arxada qalıb. Komandalar arasında ən pis nəticə isə "Kəpəz"ə məxsusdu. Gəncəlilər son 4 oyunda cəmi 1 xal toplayıb. Bunun nəticəsidi ki, "Kəpəz" azarkeşləri baş məşqçi Tərlan Əhmədovu istefaya səsləyir. Özü də bunu göstərişlə etdikləri deyilir.

Amma məsələ ilə bağlı müraciət etdiyimiz “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədov bu iddianı yaxına buraxmadı:

"Yaşar Vahabzadənin gedişindən, Tərlan Əhmədovun gəlişindən sonra dəyişikliklər var idi. Bu özünü oyun planında və nəticələrdə göstərirdi. Lakin çempionatın ikinci yarısı start götürəndən "Kəpəz" bərbad çıxış edir. Təsadüfi məğlubiyyətləri başa düşmək olar. Amma hazırda uğursuzluq davamlı xarakter alıb. Komandanı kimin çalışdırmasından asılı olmayaraq, bizim üçün əsas "Kəpəz"in adı və nəticələridi. Yaşar Vahabzadənin vaxtında da daim komandaya dəstək olmuşuq. 90 dəqiqə ərizndə ancaq “istefa” şüarı səsləndirənlərdən olmamışıq. Hazırda komandamız üçün çox narahatıq ki, bu gedişlə 1-ci diviziona yuvarlanacaq. Bunun olmasını istəmirik. Baş məşqçini gətirən də, yola salan da rəhbərlikdi, azarkeşlər yox. Biz, sadəcə, "Kəpəz"in adına layiq çıxış və nəticə arzulayırıq. Haqqımızda artıq-əskik danışanlar var. Güya biz kimlərinsə diqtəsi, sifarişiylə hərəkət edib, “istefa” şüarı səsləndir, klubun və rəhbərliyin mənafeyinə xələl gətirmək istəyirik. Amma ortada nə öyrədənlər, nə də öyrədilənlər var. "Xəmsə" azarkeş qrupunun öncüllərini, azarkeşlərimizi çoxları yaxşı tanıyır. Heç kimdən nə qorxacağımız, nə də umacağımız var”.

22-ci turun “Turan Tovuz” – “Kəpəz” matçında az da olsa, gəncəli azarkeşlər var idi. Təxminən 60-a yaxın fanat “Xəmsə” və “Ultras”ı təmsil edirdi. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, “sarı-göylər”in fanatları Tovuza öz hesabına gedib. Daha dəqiq desək, klub rəhbərliyi onlara avtobus ayırmayıb. Səbəb isə azarkeşlərin intizamsız davranışa görə “Kəpəz”i maddi planda ziyana salmasıdı. Fanatlar klubu təxminən 20 min manat xərcə salıb. Müşfiq Məmmədov bu məsələyə də aydınlıq gətirdi: "Kəpəz" azarkeşlərinə görə yalnız ötən ilin dekabrında, "Turan Tovuz"la oyuna görə cərimələnib. Ondan sonra da bizə dəfələrlə avtobuslar ayrılıb. Sadəcə, “Turan Tovuz”la oyun üçün avtobus tutulmadı. Bunun da səbəbi Tovuzun uzaq olmamasıdı. Toplaşıb özümüz getdik. Yəni klub rəhbərliyi ilə aramızda hansısa anlaşılmazlıq, qarşıdurma yoxdu".

ABDULLA İSMAYILOĞLU