Premyer-liqada hesabat turunda bir-birindən maraqlı nəticələr qeydə alındı.
“Arsenal”, “Çelsi”, “Nyukasl” kimi iddialılar xal itirdi, “Tottenhem”, ümumiyyətlə, darmadağın oldu, “Mançester Yunayted” zirvəyə bir qədər də yaxınlaşdı. Bu turdan daha qazanclı çıxan komanda isə “Mançester Siti”di. “Şəhərlilər” artıq zirvənin biraddımlığındadı.
Lider “Arsenal” “Brentford”un məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırmasına mane ola bilmədi. Meydan sahibləri oyunun əksər bölümündə dominantlıq etdi. Bununla belə, “arılar”ın qapı önündə “avtobus qoyduğunu” və yalnız müdafiə olunduğunu demək olmaz. Qonaqlar adəti üzrə olduğu kimi kəskin əks-hücumlar qurur, standart vəziyyətlərlə “Arsenal”ı qorxuya salırdı. İlk yarıda məhz “Brentford” qola yaxın idi. Debütdə Henri “topçular”ı “bağışladı”, hissənin ortalarında isə Touni topu tirə vurdu. “Arsenal” nəsə etməyə çalışsa da, ya sonuncu zərbə çatmırdı, ya da qeyri-dəqiqlik hesabın açılmasına mane olurdu. Meydan sahiblərinin heyətində Edeqorla Saka seçilirdi, məhz onların qarşılıqlı anlaşması qola səbəb oldu. Edeqor topu Sakanın hərəkəti istiqamətinə ötürdü, onun asmasını isə sonradan meydana çıxan Trossar tamamladı. Düşünmək olardı ki, lider savadlı şəkildə müdafiə olunmaqla oyunu qələbəyə daşıyacaq. Ancaq “arılar” başqa fikirdə idi. “Brentford”un yerinə yetirdiyi cərimə zərbəsi zamanı bir neçə hava mübarizəsinin ardından Touni topu boş qapıya göndərdi. “Topçular” ilin əvvəlindən bəri 2-ci dəfə “Emireyts”də büdrədi. “Arsenal” ardıcıl 3-cü oyunda qələbə qazana bilmədi. Komanda əvvəlki iki oyunda kubokda MS-yə və çempionatda “Everton”a uduzmuşdu.
“Mançester Siti” liderə yaxınlaşmaq imkanını əldən vermədi. “Şəhərlilər” “Aston Villa” ilə oyuna Rodrinin erkən qolu ilə başladı. Ardından daha bir neçə təhlükəli vəziyyətdə qonaqları qapıçı Martines xilas etdi. 29-cu dəqiqədə Gündoğan 2-ci qolu vurdu, komandalar fasiləyə yollanmağa hazırlaşarkən isə Mahrez hesabı darmadağın həddinə çatdırdı. MS 2-ci hissədə də öz xəttini yeritdi, təhlükəli vəziyyətlər yaratdı. Ancaq ilk yarıdan fərqli “şəhərlilər”in səhvləri də sıralandı. Bu da Uotkinsin fərqi azaltmasına gətirib çıxardı. Beləliklə, “şəhərlilər” “Arsenal”la xal fərqini 3-ə endirdi. Sabah keçiriləcək, 12-ci turdan təxirə salınan “Arsenal” – MS oyununda qələbə hər iki komanda üçün çox vacibdi...
...Təkcə çempionluğun taleyi baxımından yox. Axı MY də liderlərə isti nəfəsini hiss etdirir. “Lids”lə “Yunayted” həftə ərzində 2-ci dəfə qarşılaşdı. Ancaq çərşənbə günü heç-heçə qeydə alınmışdısa, bu dəfə “qırmızı şeytanlar” qələbə qazana bildi. Hərçənd “Qızılgül derbisi” mankunianlar üçün hədsiz ağır keçdi. Onlar yanvarın əvvəlindən bəri həftədə iki oyuna çıxır və bu qrafik üzrə də davam edəcəklər. İlk yarıda futboldan daha çox mübarizə var idi, sərt toqquşmalar və “sürüşmə” fəndləri 16 folun və 3 sarı vərəqənin qeydə alınmasına səbəb oldu. Həkimlər tez-tez meydana qaçırdı. Təhlükəli vəziyyətlərin sayı isə az idi. Fasilədən sonra oyunun axarı bir qədər dəyişdi. “Lids” hissənin əvvəlində şir kimi çarpışan De Xeanın qapısı önündə təhlükəli vəziyyətlər yaratdı. Meydan sahibləri qol yolunda əlindən gələni etsə də, Ten Haq əvəzetmələr hesabına oyunun axarını dəyişdi. Sonda məhz MY-nin oyunçularının səviyyəsi ön plana çıxdı. Reşfordla Qarnaçonun qolları “qırmızı şeytanlar”a cari mövsümdəki 14-cü qələbəni qazandırdı.
“Çelsi” sanki lənətlənib, bu komanda 2023-də qələbə qazana bilmir, “Vest Hem”lə derbi də heç-heçə bitdi. Oyuna gümrah başlayan “zadəganlar” rəqib qapısını mühasirəyə aldı. Nəticədə hissənin ilk yarısında top üç dəfə Fabyanskinin qoruduğu qapıdan keçdi, ancaq bunların yalnız biri – cəzanı bitirən Felişin vurduğu qol sayıldı. Elə Felişin və Havertsin vurduğu qollar isə ofsayd üzündən qeydə alınmadı. Potterin yetirmələri elə oynayırdı ki, qələbəyə şübhə edən yox idi. “Çəkicdöyənlər” isə qətiyyən fəallıq göstərmirdilər. Üstəlik onlar 14-cü dəqiqədə Paketanı də zədə üzündən itirmişdilər. Amma “Vest Hem” təxminən 25-ci dəqiqədən etibarən sürəti artırdı və dərhal da bərabərlik qolunu vurdu. Fasilədən sonra ərazi üstünlüyü “Çelsi”nin tərəfində olsa da, hesab dəyişmədi. Oyunun sonuna yaxın Souçek topu tora göndərsə də, bu dəfə də hakim ofsayd qeydə aldı.
“Tottenhem” MS üzərindəki qələbə qazanandan sonra hər kəs “mahmızlar”ın turnir iddiaları haqda danışmağa başladı. Ancaq belələri bir vacib detalı – qeyri-sabit oyunu unudurdular. “Lester”lə oyun da “Tottenhem” üçün yaxşı başladı – Bentankur artıq 14-cü dəqiqədə hesabı açdı. Amma hissənin sonuna qədər “tülkülər” buna 3 qolla cavab verdi. Nədənsə Konte dəyişikliklərə çox gec əl atdı. Amma bu da işə yaramadı. Əksinə, sona yaxın Barns 4-cü qolu da vurdu.
“Nyukasl” məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırsa da, aşkar autsayder “Bornmut”la oyundakı heç-heçə çətin ki “sağsağanlar”ı sevindirə. Sonuncu dəfə avqustun 31-də “Liverpul”a 1:2 uduzan “Nyukasl” növbəti oyunu da bu komandaya qarşı keçirəcək.
Turun qalan oyunlarına gəlincə, “Fulhem” “Nottingem Forest”i, “Vulverhempton” “Sauthempton”u məğlub etdi, “Kristal Pelas” – “Brayton” oyunu “sülh”lə bitdi. Dünən axşam keçirilən Liverpul derbisində isə ????
23-cü tur
Arsenal – Brentford 1:1
Trossar, 66 – Touni, 74. (60254)
Arsenal: Remsdeyl, Zinçenko, Qabriel, Saliba, Uayt, Edeqor, Parti, Caka (Vieyra, 81), Martinelli (Trossar, 62), Nketia, Saka.
Mançester Siti – Aston Villa 3:1
Rodri, 4. Gündoğan, 39. Mahrez, 45+1-p. – Uotkins, 61. (53392)
MS: Emerson, Lyaport, Diaş (Akanci, 46), Uoker, Rodri, Gündoğan, Qriliş (Foden, 69), B.Silva, De Bruyne, Mahrez (Ake, 85), Holann (Alvares, 46).
Lids – Mançester Yunayted 0:2
Reşford, 80. Qarnaço, 85. (36919)
MY: De Xea, Şou, Malasia (Martines, 61), Maquayr, Dalot (Van-Bissaka, 73), Fred, Zabitser, Sanço (Qarnaço, 61), Fernandeş, Reşford (Elanqa, 90+1), Veqhorst.
Bornmut – Nyukasl 1:1
Senesi, 30 – Almiron, 45+2. (10419)
Nyukasl: Poup, Bern, Botman, Şer, Trippyer, Uillok (Qordon, 36), Lonqstaff, Joelinton, Sen-Maksimen (Anderson, 84), İsak, Almiron (Merfi, 81).
Lester – Tottenhem 4:1
Mendi, 23. Meddison, 25. İheanaço, 45+4. Barns, 81 – Bentankur, 14. (32184)
Tottenhem: Forster, Devis, Dayer, Tanqanqa (Sançes, 75), Porro (Emerson, 75), Heybyerq, Bentankur (Sarr, 65), Perişiç (Rişarlison, 75), Son Hın Min, Kulusevski (Qruneveld, 79), Keyn.
Vest Hem – Çelsi 1:1
Emerson, 28 – Feliş, 16. (62471)
Çelsi: Kepa, Kukurelya (Çiluell, 67), Badyaşil, Silva, Ceyms, Loftus-Çik (Qallaher, 79), Fernandes, Mudrik (Ziyeş, 67), Feliş, Madueke (Maunt, 68), Haverts.
Fulhem – Nottingem Forest 2:0
Villian, 17. Solomon, 88. (24244)
Sauthempton – Vulverhempton 1:2
Alkaras, 24 – Bednarek, 73-öz qapısına. Qomes, 87. (29751)
Kristal Pelas – Brayton 1:1
Tomkins, 70 – Març, 63. (24827)
Liverpul – Everton ???
1. Arsenal 21 16 3 2 46-18 51
2. Mançester Siti 22 15 3 4 56-22 48
3. Mançester Y. 23 14 4 5 38-28 46
4. Nyukasl 22 10 11 1 35-13 41
5. Tottenhem 23 12 3 8 42-35 39
6. Brayton 21 10 5 6 39-28 35
7. Fulhem 23 10 5 8 34-30 35
8. Brentford 22 8 10 4 36-29 34
9. Çelsi 22 8 7 7 23-22 31
10. Liverpul 20 8 5 7 34-28 29
11. Aston Villa 22 8 4 10 26-34 28
12. Kristal Pelas 22 6 7 9 20-30 25
13. Lester 22 7 3 12 36-38 24
14. Nottingem Forest 22 6 6 10 17-37 24
15. Vulverhempton 22 6 5 11 17-31 23
16. Vest Hem 22 5 5 12 19-27 20
17. Lids 22 4 7 11 28-38 19
18. Everton 21 4 6 11 16-28 18
19. Bornmut 22 4 6 12 20-44 18
20. Sauthempton 22 4 3 15 18-40 15
Bombardirlər: Holann (Mançester Siti) – 25, Keyn (Tottenhem) – 17, Touni (Brentford) – 14.
Növbəti turun oyunları fevralın 18-19-da keçiriləcək: Aston Villa – Arsenal, Vulverhempton – Bornmut, Nottingem Forest – Mançester Siti, Everton – Lids, Çelsi – Sauthempton, Brayton – Fulhem, Brentford – Kristal Pelas, Nyukasl – Liverpul, Mançester Yunayted – Lester, Tottenhem – Vest Hem.
Faktlar
* “Tottenhem” cari mövsümdə ilk dəfə böyük hesabla uduzdu. Komanda buna qədər maksimum iki top fərqi ilə uduzmuşdu.
* “Mançester Siti” ardıcıl 5-ci ev oyununda qələbə qazandı. “Aston Villa”ya qədər “Arsenal” (0:1), “Vulverhempton” (0:3), “Tottenhem” (2:4) və “Çelsi” (0:4) də “Etihad”dan məğlubiyyətlə ayrılıb. Ümumiyyətlə, “Siti”nin evdəki məğlubiyyətsiz oyunlar seriyası 8-ə çatdı (7 qələbə, 1 heç-heçə).
* Qvardiola ilk 250 oyunda qələbə sayına görə premyer-liqa rekordu müəyyənləşdirdi. 52 yaşlı kataloniyalı mütəxəssis premyer-liqada keçirdiyi 250-ci oyunda 184-cü qələbəsini qazanmaqla Kloppu arxada qoydu. Almaniyalı mütəxəssis bu qədər oyunun 160-da qələbə qazanmışdı. “Çelsi”, MY və “Tottenhem”i çalışdırmış Joze Mourinyonun ilk 250 oyunda 158, Arsen Vengerin (Arsenal) 146, Rafael Benitesin (Liverpul, Çelsi, Nyukasl, Everton) isə 138 qələbəsi olub. Qvardiolanın qələbə faizi 73,6-ya bərabərdi ki, bu da premyer-liqada çalışan məşqçilər arasında ən yüksək göstəricidi.
Turun rəqəmi
400 – David De Xea premyer-liqada oyun sayını bu həddə çatdırdı. 400-ə 32 yaş 97 günlüyündə çatan ispaniyalı premyer-liqada buna nail olan ən gənc qapıçıdı. De Xea 400-cü oyunu 33 yaş 335 günlüyündə keçirən irlandiyalı Şey Givenin rekordunu yenilədi. “Yunayted”in heyətində bütün turnirlərdə 178-ci “quru” oyununu keçirən ispaniyalı qapıçı bu göstəricidə Peter Şmeyhelə çatdı.
Turun ulduzu
Riyad Mahrez (Mançester Siti) - əlcəzairli yarımmüdafiəçi əla formadadı. Oyunboyu Martinesin qapısı önündə təhlükə yaratdı. Həm Rodriyə məhsuldar ötürmə verdi, həm də qol vurdu (penaltidən olsa da).
Turun sitatı
Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi: “Biz Avropada dörd turnirdə oynayan yeganə komandayıq. Bütün heyətdən yararlanmaq lazımdı, hər kəs oyuna töhfəsini verməlidi”.
Oyundan sonra
Qrehem Potter, “Çelsi”nin baş məşqçisi: “Düşünürəm ki, çıxışımızda müsbət məqamlar görünürdü, xüsusən də 1-ci hissədə. Ötən oyunla müqayisədə irəliyə doğru addım atdıq. İndi futbolçuların komandanın oyun üslubuna uyğunlaşması prosesi gedir. Həqiqətən oyunun axarına nəzarət etdik, ancaq çox asan qol buraxdıq”.
Pep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Yaxşı oyun keçirdik. 2-ci hissədə yaxşı qol imkanlarımız oldu, fasilədən sonra ilk yarı ilə müqayisədə daha yaxşı təsir bağışladıq. 2-ci hissədə lazımi şəkildə pressinq etdik, müəyyən düzəlişlərə əl atdıq, topa nəzarəti yaxşılaşdırdıq. Hesab 3:1 olanda hər şey baş verə bilər. Ancaq biz həqiqətən çox yaxşı oynadıq. Holann ombasından zərbə aldı, narahatlıq hiss etdi. Hesab 3:0 olanda risk etməyə dəyməz. Onun durumunu yaxın günlərdə dəyərləndirəcəyik. Hazır olmasa, başqa futbolçu oynayacaq. Ümid edirəm ki, hazır olacaq”.
ÇEMPİONŞİP
28-ci turdan təxirə salınan oyun: Blekpul - Haddersfild 2:2.
31-ci tur: Birmingem – Vest Bromviç 2:0, Blekpul – Roterhem 0:0, Bristol Siti – Norviç 1:0, Bernli – Preston 3:0, Kardiff – Midlsbro 1:3, Koventri – Luton 1:1, KPR – Milluoll 1:2, Şeffild Yunayted – Suonsi 3:0, Stok Siti – Hall Siti 0:0, Sanderlend – Ridinq 1:0, Uotford – Blekbern 1:1, Uiqan – Haddersfild 1:0.
1. Bernli 30 20 8 2 61-26 68
2. Şeffild Yunayted 30 18 7 5 51-24 61
3. Midlsbro 31 15 6 10 50-36 51
4. Luton 30 13 10 7 38-30 49
5. Milluoll 29 13 7 9 36-29 46
6. Uotford 31 12 10 9 37-34 46
7. Sanderlend 30 12 9 9 43-33 45
8. Blekbern 30 14 3 13 32-36 45
9. Vest Bromviç 30 12 8 10 39-32 44
10. Norviç 30 12 6 12 40-35 42
11. Hall Siti 31 11 8 12 37-44 41
12. Preston 30 11 7 12 27-36 40
13. Bristol Siti 30 10 9 11 40-39 39
14. Koventri 30 10 9 11 32-33 39
15. Suonsi 30 10 9 11 43-45 49
16. KPR 31 10 9 12 33-40 39
17. Birmingem 30 10 8 12 36-38 38
18. Ridinq 30 11 5 14 33-45 38
19. Stok Siti 30 9 7 14 33-38 34
20. Roterhem 30 7 12 11 33-40 33
21. Kardiff 31 7 8 16 22-36 29
22. Uiqan 30 7 8 15 28-49 29
23. Haddersfild 30 7 7 16 28-39 28
24. Blekpul 30 6 10 14 30-45 28
Bombardir: Akpom (Midlsbro) - 16.