“Marsel”i yanvarın 31-də daha bir oyunçu tərk edib. Fransa nəhəngi iki yeni futbolçu ilə güclənib.
Bamba Dyenq “Loryan”a satılıb. Seneqal yığmasının hücumçusu yeni klubu ilə “2,5+2 il” sxemi ilə anlaşıb. 22 yaşlı futbolçunun satışı marselliləri 8 milyon avro irəli salıb. Bamba sabiq komandasında bütün turnirlərdə keçirdiyi 54 oyunda 11 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.
Dyenqin “Marsel”dəki yerini Vitinya tutub. Fransa klubu ona görə “Braqa”ya 32 milyon avro ödəyib. Portuqaliya komandasında keçirdiyi 67 oyunda 28 qolun və 9 məhsuldar ötürmənin müəllifi olan hücumçunun marsellilərlə bağladığı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdi.
“Marsel” heyətini Azzedin Unai ilə də gücləndirib. “Anje”nin yarımmüdafiəçisinin transferinin detalları rəsmən açıqlanmayıb. Yeri gəlmişkən, onun yeni komandada debütü uğurlu alınıb. Liqa 1-in 21-ci turunun “Nant” ilə səfər oyununda (2:0) ikinci hissədə meydana çıxan 22 yaşlı mərakeşli “Marsel”in sonuncu qolunu vurub.