Football-plus.az xəbər verir ki, təcrübəli futbolçu yenidən İspaniyada oynayacaq. Belə ki, “İntersiti” 31 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalandığını açıqlayıb. Alikante şəhərini təmsil edən bu klub İspaniyanın 3-cü divizionunun 2-ci qrupunda yer alır və 4-cü diviziona yuvarlanmamaq uğrunda mübarizə aparır. Bu ayın əvvəlində İspaniya kubokunun 1/16 finalında “Barselona”ya layiqincə müqavimət göstərməsi ilə diqqəti çəkən “İntersiti” 3-cü divizionun 20 komandalı 2-ci qrupunda 20 oyuna topladığı 23 xalla 17-ci pillədə qərarlaşıb.
Əmrə Çolaka gəlincə, o, daha çox “Qalatasarayda”kı çıxışı ilə məşhurdu. Bu klubun yetirməsi olan və 2010-16-cı illərdə 9 titul qazanan solaxay futbolçu İstanbul nəhəgindən ayrılandan sonra, demək olar, heç bir klubda möhkəmlənə bilməyib. İspaniyalı futbolsevərlər də onu yaxşı tanıyır. Belə ki, Əmrə iki fərqli dönəmdə - 2016-18-ci illərdə və 2019/20-nin ikinci dövrəsində “Deportivo”nun şərəfini qoruyub. Bu iki dönəmin arasında Səudiyyə Ərəbistanına yollanan və “Əl-Vahda”nın şərəfini qoruyan Çolak son illərdə vətənində çıxış edirdi. “Fatih Karagümrük”, “Hatayspor”, “İstanbul BŞ” və son olaraq “Gözətpə”də forma geyən təcrübəli futbolçu noyabrdan bəri klubsuz idi. Karyerası boyunca 309 oyunda 27 qol, 30 məhsuldar ötürmə ilə fərqlənən Əmrə 4 oyunda Türkiyə yığmasının şərəfini qoruyub. “İntersiti”nin idman direktoru Xorxe Lopes bunları deyib:
“Yarımmüdafiədə yaradıcı və topu özündə saxlamaq qabiliyyəti olan futbolçuya ehtiyacımız var idi. Əmrə məhz belə profilli oyunçudu. Üstəlik İspaniya futbolunu da tanıyır. İnanıram ki, o, bizə alt sıralardan qurtulmağa yardım edəcək”.


