Misli premyer-liqasının 19-cu turunda "Turan Tovuz" "Qarabağ"a məğlub olub - 2:3.
Football-plus.az xəbər verir ki, görüşdən sonra "boz qurd"un baş məşqçisi Ayxan Abbasov qarşılaşma haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:
"Üçüncü dövrəyə xalla başlamaq istəyirdik. Azarkeşlərimizin qarşısında oynayırdıq. Maraqlı oyun oldu. Azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq".
- Yeni transferlər komandaya uyğunlaşa bilib?- Zədəli oyunçularımız artıq qayıdıblar. Siyanda Xulu bu gün ikinci hissədə meydana daxil oldu. Henri hələ tam formada deyil. Yeni oyunçulardan Denis Marandiçi komandaya uyğunlaşır. 90 dəqiqə mübarizə aparmağa gücü çatmır. Uzun müddət futbolsuz qalıb. Ümumən futbolçulardan razı qaldım.
- Müdafiənin mərkəzində boşluqlar hiss olunur. Bunun səbəbi nədi?- Biz də bunu qeyd etdik. Qışa qədər ən yaxşı cəhətimiz standart vəziyyətlər idi. Bu gün təəssüf ki, rəqib bütün qolları başla vurdu. Daha diqqətli olmalıyıq. "Qarabağ"a qarşı hücumda oynayırsansa, müdafiədə boşluqlar olacaq. İnkişaf etmək istəyiriksə, belə risklər etməliyik.
- Növbəti matçda heyətdə dəyişikliklər gözlənilir?- Bizdə rəqabət var. 4-5 gündən bir oyunlar olur. Heyətdə rotasiyalar olacaq. Unutmayaq ki, bu gün qarşımızda "Qarabağ" var idi.